Əbülfət  Mədətoğlu - KÜLƏK

Ədəbiyyat 13:15 / 21.08.2026 Baxış sayı: 435

Giribdi  qoluma  köhnə ərk  ilə 

Telimlə  oynaya, oynaya  gedir...

Hətta  aradabir alır  tərkinə,

Cilovsuz  kəhər tək  tozanaq edir -

Külək...

 

Xəzər  sahilində  üfüq  güləndə

Dənizdən  boylanır  ağ  lələkləri...

Səslənir  özünü    xoşbəxt  biləndə

Qağayı!-  deyilən su  mələkləri -

Külək!

 

Altında  durduğum uca  bayrağın

Meydanı  genişdi, dalğası  layla...

Onun əzəmətin, onun  sorağın

Yayır  dörd  tərəfə  harayla, hayla -

Külək!

 

 

Gördüyüm  mənzərə qələm dəftərsiz

Yaddaşa  yazılır, gözlərə  köçür

Arada, deyəsən, qısqanclıq  edir -

"Sarmaşıq"  gənclərin üstündən keçir -

KÜLƏK!