Firidun Agazadə - OLMADI

Ədəbiyyat 09:50 / 21.08.2026 Baxış sayı: 400

***

Yer oxuna, göy oxuna təkərdi eşq,

Leyli yoxdu, Məcnun yoxdu – bikardı eşq,

Yeddi dağın o üzündə şikardı eşq,

Kim ona səyyad olmadı?

 

Yola çıxdıq, mən piyada, sənsə atlı,

“Yar ol” deyib bəxt quşuna nişan atdım,

Nə məndən bu sevdaya bir haray çatdı,

Nə səndən imdad olmadı.

 

Kimə yoxdan bəxt yazılır, kimə vardan,

Yazda güldən payım yoxdur, qışda qardan,

Aqil sanıb muğayat oldun əğyardan,

Məndən muğayat olmadın.

 

Adımıza kim atdı bu yanlış püşkü?

Öz əlinlə hicrana tapşırdın eşqi.

Məmməd qızı, sən Şirin deyilsənmiş ki,

Firidun Fərhad olmadı..