Aləmzər Sadıqqızı - Dilim deyəni

Ədəbiyyat 17:00 / 20.08.2026 Baxış sayı: 108

 

 

Bir az yaxın otur ay olmayanım,

Görüm anlarsanmı əlim deyəni,

Gör necə danışır gözlərim bir-bir,

Susub danışmayan dilim deyəni...

 

Bir ömür susmuşam gözüm danışıb,

Dərdimi qələmim, sözüm danışıb,

Qışda çəkdiyimi yazım danışıb,

Adamlar görüblər çölüm deyəni...

 

Bir qəmli çiçəkdim tale bağında...

Məndim yandıran da, məndim yaxan da,

Tapmıram nə sağa, sola baxanda

"Çiçəyim", deyəni, "gülüm" deyəni...

 

Nə doğmam öyrəndi, nə yadım bildi,

Mənim əzabımın yaşı min ildi,

Bir gün deyəcəklər Aləm də öldü...

Onda eşidərsiz ölüm deyəni...