Tofiq Əmrahov - Qızıl güllər tikansız olmur

YAZARLAR 09:38 / 21.08.2026 Baxış sayı: 398

 

( İstedadlı yazıçımız Rəna xanım Abdullayevanın əsərinə xitabən)

Bəs niyə qızıl güllər tikanlı olur?

Bəlkə də ona görə ki, tikanları olmasaydı, hər yoldan ötən əlini uzadıb o gülü qoparardı. Dəyərli ilə dəyərsizi ayırmayan, gözəlliyin qədrini bilməyən biri onu bircə dəfə qoxlayar, sonra da ayaqlar altına atıb yoluna davam edərdi.

Axı o, necə bilsin qızıl gülün qədrini?

Necə bilsin ki, o gül torpağın altında nə qədər səbrlə kök salıb, günəşə çıxmaq üçün nələrdən keçib? Necə bilsin ki, onun hər ləçəyinin arxasında neçə yağış, neçə külək, neçə soyuq gecə dayanıb?

Elə buna görə də tikan var.

Tikan gülün düşməni deyil. Tikan bəzən gülün keşikçisidir.

O, hər əlin gülə uzanmasına imkan vermir. Sanki deyir: “Dayan! Əvvəlcə mənə toxun. Əgər bu gözəlliyin qədrini biləcəksənsə, buyur, yaxınlaş. Yox, əgər onu bir anlıq həvəs üçün istəyirsənsə, keç get...”

İnsan həyatı da belədir.

Bəzən qarşımıza çıxan insanlar bizi “tikanlı” hesab edirlər. Sərhəd qoymağımızı, hər kəsə ürəyimizi açmamağımızı, hər gələnə özümüzdən bir parça verməməyimizi anlamırlar.

Amma onlar bilmirlər ki, insanın da öz qızıl gülləri var.

Ürəyi, sevgisi, etibarı, xatirələri, illərlə qazandığı dəyərləri...

Bunların hamısını hər yoldan ötənə vermək olmaz.

Çünki hər əl gül qoparmağı bacarar, amma hər ürək onun qədrini bilməz.

Bəlkə də insanın tikanları məhz buna görədir — öz içindəki qızıl gülü qorumaq üçün...