Ağaevli Əli Hacı - Dilim susuz qalıb,bar verə bilmir
Dilim susuz qalıb,bar verə bilmir
Baxışlar yorulub eyni nöqtəyə !
Nə yerdə yer tapdı ruhum dincələ,
Nə bir qapı tapdı çəkilə göyə !
Yalan süfrəmizə çörəkdi,duzdu
Sərhədsiz satılır namus da,ar da!
Qeyrətlər tutulur,şərlər üzünə
Ədalət can verir,bilmirsən harda !
Nə böyük qalıbdır,nə də ki,kiçik
Diskateka,barımız tərbiyə verir !
Şanlı keçmişləri yiyə üzünə,
Köksüz ot-alaqlar ölməyə verir !
Hardan bar verəcək dilim,de hardan
Bitmir içimizdə hələ döyüşlər !
Məni fərd göstərir,özünü Millət
Sözüylə yem tutan bu fahişələr !
Duman da çəkilər,bulud da gedər
Günəş də yerində çıxsa yaxşıdır !
Bir ola bilmirik,bilmirəm niyə
Beləsə,özgələr yıxsa yaxşıdır !
Qoru Bəzz qalamı,Şah qılıncımı
Ruhum dilə gəlsə,Vətən dincələr !
Yenidən doğulan köhnə çərlərə,
Bu,Millət bir olsa,on da güc gələr !