Ay Bəniz Əliyar - Nəfsin ilə girmə bəhsə
Nəfsin ilə girmə bəhsə,
Düşünmə, bu bəhsəbəhsdən
Səni bu nəfs çıxaracaq.
Kim bəxtindən əl üzübsə,
Təqvimi nəhs çıxaracaq.
Bax, Allahın fağırına,
Qoşulub öz "naxırına".
Anlamır ki, axırına,
Onu bu bəhs çıxaracaq.
Dərdli desin dərdin hara?
Dinmək yasaqdır fağıra.
Axı içi boş nağara
Daha çox səs çıxaracaq.
Hərə bir cür gün "qazanır",
Saxta qibləsi-azanı.
İfşa eyləsən üzünü,
Yeni bir üz çıxaracaq.
Sən şükür et, şükür, yenə,
Fikir vermə beləsinə.
Qoşacaq "vedrə"sin sənə,
Adına söz çıxaracaq.
Demə, "kaşşş", düzəlməyəcək,
Əsas baş düzəlməyəcək.
Yenə qaş düzəlməyəcək,
Yenə də göz çıxaracaq.