Şakir  Xanhüseyinli - GÖZÜN İÇİNDƏ YAŞ YORĞUN

Ədəbiyyat 09:54 / 19.11.2026 Baxış sayı: 58

 

Qələm-kağız tirtap düşüb,

sözlər də yorğundu, yorğun,

əllər, ayaqlar üzülür,

gözlər də yorğundu, yorğun...

Ağaca bax, başı əyik,

onun da kölgəsi yorğun...

Alim Qasımov oxuyur,

hiss edirəm səsi yorğun...

Deyib-gülürsən, elə bil

nə təlaşın, nə təşvişin;

şən görünmək istəyirsən,

ancaq yorğundu gülüşün...

Saat niyə geri qalır,

bəlkə əqrəbləri yorğun.

Qovana bax qaçanı gör,

eləcə hər biri yorğun...

Kirpik qırparsan halsızca,

yorğundu, gec gəlir yuxun...

işıqlar niyə solğundu;

ay yorğundu, gün də yorğun...

Tək-tək, gah iki-bir, üç-bir

yollardan yorğunluq keçir...

Bəli, yorğunluq əkənlər

elə yorğunluq da biçir...

Fərq eləmir, uşaq-böyük

yorğunluq alır dərsini...

Hamı bir-birinin üstə

yorğunluq tökür hirsini...

Gümrah çıxırsan qapıdan,

qayıdırsan evə yorğun...

Zamanın nəfəsi ağır,

dincəldiyin ev də yorğun...

Göz qoyur hər şeyə adam,

dərinliyə varılmır ki;

Künc-bucaqda hörümçəklər

tor hörməkdən yorulmur ki...