Arzu Əsəd - Həyat vərdişlər və qəliblərdir.

YAZARLAR 14:58 / 01.09.2025 Baxış sayı: 3628

Toy və yas mərasimləri yalnız mentalitet, mənəviyyat məsələləri deyil, həm də iqtisadiyyat məsələsidir - iş yerləridir, vergi mənbəyidir...

Kim necə və nə qədər ehsan verəcək, kim hansı tərzdə toy edəcək, bunun cəmiyyətə elə bir aidiyyatı olmamalıdır. Cəmiyyətin nəzarəti bu pul dövriyyəsindən dövlətə çatacaq verginin üzərində olmalıdır. Yoxsa kim atasının ehsanına uç cür yemək verdirdi, kim çay verdirdi, kim isə, ümumiyyətlə, heç ehsan vermədi, bu, sosial ədalət, mənəvi dəyər məsələsinə çevrilməməlidir. Varı olan versin, olmayan verməsin, adamlar da bunu qeybət obyektinə çevirməsinlər.

Toy, yas mərasimləri yüz illərlə formalaşmış institutlardır, əsası da kütləvi təhtəlşüura gedib çıxır. Heç bir cəmiyyət də heç zaman yalnız rasional əsaslarla yaşamayıb. Yasda ehsan adına yemək verilməsi insanların əsas instinktlərindən biri olan qida instinkti ilə bağlıdır.

Ölümdən sonra insanların bir yerə toplaşıb yemək yemələri ölüm instinktinə qarşı həyat instinktinin qoyulmasından doğur.Bu bir mövcudluq məsələsidir. Bu şəkildə ehsanın həm dini-metafizik, həm ekzistensial, həm də psixoanalitik kökləri var.

Həyat vərdişlər və qəliblərdir. Onları söküb atmaq asan məsələ deyil. Qadağalar müəyyən müddət işə yarasa da, sonradan qadağan olunanlar daha güclü şəkildə püskürüb meydana çıxır. Cəmiyyətin ümumi həyat tərzi, dunyagörüşü, iqtisadi-siyasi münasibətləri məzmunca dəyişməlidir ki, onun vərdişləri və qəlibləri də öz inersiyasına uyğun olaraq dəyişsin...

Belə ki, qərar verilib, ehsan yığışdırılacaq deyə şərh verən dostlarımız hələ yəqin ki, uzun müddət (Allah gecindən versin, daim şadlıqlarda görüşək) yas mərasimlərində ehsan yeyib mərhuma ürəkdən rəhmət oxuyacaqlar.