Adilə Səfərova - Hər ahda ayrılıq var

Ədəbiyyat 09:00 / 18.07.2026 Baxış sayı: 484

 

 

Sıxır nəmli gözünü

kövrələndə göy üzü.

Zərif, kövrək olanın

Ümidini göy üzür.

 

Bulud göz yaşı kimi,

Ələyər narın-narın.

Yuyub silər tozunu,

Al çiçəkli kolların.

 

Damlalar döyəcləyər,

Titrədər ləçəkləri.

Qəmli baxışlarıyla

Üşüdər çiçəkləri.

 

Qopsa da budağından,

Haqqı- sayın itirməz.

Ağlama yarı qönçə,

Göz yaşı gül bitirməz.

 

Solar, qopar çicəklər,

Başlayar ayrılıqlar.

Ahlar qalar budaqda--,

Hər ahda ayrılıq var.