Adilə  Nəzər - Qardaşıma ağı

Ədəbiyyat 20:30 / 01.09.2026 Baxış sayı: 3013

 

Bir ulduz da sönüb getdi beləcə,

Dünya qəfil ikiləndi o sabah.

Qələmimdən damcılayan mürəkkəb,

Göz yaşımda şəkilləndi o sabah.

Ölüm...

Ey Günəşin, işığın tərsi,

Sənə açıq gözlə kim baxa bilib?

Ey nurla zülmətin sonuncu rəqsi,

Doğma zəncirin kim buraxa bilib?

Kim dözə bilibdir aldıqlarına?

Bir ömrün ardınca bağlanan qapı,

Bir daha, bir daha açılmaz qapı.

Amma sən yenə də getmədin, qardaş,

Nə varsa - yaxşı, pis xatirələrlə

Ömürlük gözümün lentinə köçdün.

İçimdə İlahi bir təsəlli var-

Olsa da ayrılıq,

görüşəcəyik.

Bəlkə bundan sonra həyatdakından

daha çox, daha sıx görüşəcəyik.

Keçmiş xatirələr canlanır, axır

baxdığım hər yerdə, hər xatirədə.

Ata ocağımız, kənd həyətimiz...

Qayıdıb keçirsən hər dəfə bir də...

Zaman keçib gedir, anlayır insan,

Sən demə o həyət cənnət bağıymış!

Ananın, atanın, bacı-qardaşın

Birgə yaşadığı gözəl çağıymış!

Bağı bağ edənlər köçüb getdikcə

Bağ da qurumağa başlayır qardaş.

Hər dərdə, hər qəmə var nişanımız.

Anam dünyasını dəyişən günü

mənim nəzərimdə, mənim gözümdə

qurudu həyətdə yemişanımız.

Atam ölən kimi ərik ağacı,

bir də ki, qurudu xar tut ağacı..

qurudu,

çəkdirdi qəlbimə acı.

Sənin gedişinlə ən çox sevdiyin

badam ağacı da qurudu bu gün...

Vurdu ürəyimə neçə dağ- düyün.

...Yenə xatirələr çökdü üstümə...

Dizədək qar idi kənd, məktəb yolu,

Öndən sən gedərdin, axranca da biz,

Olardın bizimçün ilk çığır, ilk iz.

...Sənin gedişindən bir xeyli sındım,

Amma sınan insan çox dəyişirmiş,

Dəyişən insan da güclənir, bəlli,

Güclənən həyatı dərin öyrənir...

Əlbəttə, aradan zaman keçəcək,

Bəlkə ağrılar da xəfifləyəcək,

Amma səni bizə unutduracaq

O gün heç bir vaxt gəlməyəcək.

Hər dildə bir adı var bu kədərin,

Amma hər ürəkdə sükutu başqa...

Sənin gedişinlə sankı bir az da

Həyat işığını itirdi qardaş.

Nur içində uyu.. Nur içində yat.

Bələnsin məzarın işığa - nura!

Bilmirəm, bəlkə də zülmətdi bura.

Sən daha işıqlı dünyaya getdin.

Mən bütün hallarda sənin yerinin

nurlu olmasını diləyəcəyəm.

Sənə hey dualar eləyəcəyəm.

 01.09.2026