KÖNÜL  NURİYEVA - Gözlərimin nuru, hansı aysan?

Ədəbiyyat 09:50 / 01.09.2026 Baxış sayı: 509

Gözlərimin nuru, hansı aysan?

Səni bir sentyabr gününə bənzətdim,

Gözlərində sual, saçların dağınıq,

sanki bir məktəbli uşaq,

mənə baxırdın matdım- matdım…

Sentyabr uzaqlaşırdı ikimizdən addım- addım,

İndi özümə verirəm sual,—uzun ayrılıqdan sonra

görəsən, hansımız atacaq ilk addım?

Səni oktyabrın dumanlı havası bilirdim,

əlindəki gitara ilə,

oktyabrın boz buludlarını silirdin,

Sən, həmin gün təkcə mənim, mənimdin…

məni aldatdığını bilmirdim,

demə ki, gitara çalan sən deyildin.

Səni noyabrın qəmli notları sandım,

yağış deyildin, amma qəlbimə yağdın.

Noyabr getdi, sən isə hələ yağırdın…

Son görüşümüzdə asta danışa bilərdin,

hələ də unuda bilmirəm,

niyə elə bağırdın?

Səni dekabr bildim, qar bildim, şaxta- çovğun bildim,

sənsiz görən mən əvvəllər kimdim?

Sonralar səni çoxdan tərk etmişdim,

amma hələ də eşq gölündə çimirdim…

Sən mənim yanvarım oldun, yeni gəldin,

köhnə ilimi yenilədin,

bir qadının atəşli ruhunu sərinlədin,

necə maraqlı imişsən,

nə gözəl söhbətlər elədin…

Bilmədim ki, yanımda olsan da,

əslində aralı imişsən…

Sən fevral oldun,

yəni, tamamilə sakit,

ömrümə gələn sükut…

Mənə vuruldun,

bir qucaq sevgi gətirdin və dedin,

—gözlərini yum və sakitcə ud,

bu həqiqətdir, gözəlim, deyil saxta ümid.

İnandım…

Bəzən müasir gitaranı əvəz edə bilir unudulmuş köhnə ud.

Bəlkə martda sən gətirirdin yazı?

Sən mənim tale dəftərimdəki

ən mənalı yazı.

Apreldin, yəni dəliydin,

Sən məndən əvvəl,

hansı çayın seliydin?

Sən indi yox, lap çoxdan gəlməliydin!

Əminəm ki, indi peşmansan,

məni bir günlük yox,

ömürlük sevməliydin…

Gözlərimin nuru, sən maysan,

Sən günəş olmalıydın,

amma həyatımda aysan!

Sən mayla doğuldun,

mayın əkiz tayısan,

Görəsən, hansı tarixi filmdəki,

ən qəhrəman oğlansan?

Bilmirəm, bəlkə nağıdın?

Deyəsən ağ atlı oğlandın…

Bəlkə bütün cəsarətsizlər,

sənin gəlməyinlə oyandı?

Əslində sənin üçün narahatam,

məndən sonra ürəyin çoxmu yandı?

İyunun istisi sənə görə dəyişər,

Sərin olar, ilıq olar.

Bax da, öz işindir,

istəsən əsdir küləkləri,

daha insanlar qırmasınlar ürəkləri.

İyul səni görəndə susar,

Sakitcə avqustu pusar.

Avqust!!!

İkimizin ayı,

bəlkə bu dünyanın ən xoşbəxt yayı,

rastlaşdıran iki dəlini,

ömürlük qovuşdurar sevənlərin əllərini.

Bəsdir, pıçıldama qulağıma,

—avqust olmasaydı, necə tapardı taylı- tayını?

—yaxşı, gəl susaq, artıq itirmişəm ayların sayını…

Könül Nuriyeva