Saqif Qaratorpaq - Yağmurlu bir xatirə var yaddaşımda

Ədəbiyyat 12:27 / 01.09.2026 Baxış sayı: 431

***

Yağmurlu bir xatirə var yaddaşımda,

Şəklini çəkməmişəm,

Deməmişəm heç kimə.

Yağmurlu bir xatirə var,

Ürəyimin başında,

Hamıdan gizli saxladığım,

Yadigar mücrü kimi

Xəlvətdə açıb bağladığım.

Gözlərimə köçürmüşəm o günü,

Narın yağışlar yuyur,

Açır yaramın gözünü,

Sulara qarışır qanım...

Qızarır dörd yanım...

Sevda yarasından

Ölən yoxdu hələ,

Yaxşıyam,

Məndən nigaran qalma,canım!

Elə duyğular var,

Gətirmək olmur dilə,

Susursan...Cızdağın çıxır.

Adamı icindən yıxır eşq,

Hicran yanğısı.

Yağmurlu bir xatirə var,

Gülüşündə islanan,

Keçmişi əzizləyən,bu günü danan.

Möcüzəyə inanan

bir uşaq var içimdə,

Hər gecə ovcuna

yağışlar yağır...