Məmməd Qədir - Keçirəm
Ədəbiyyat
11:24 / 01.09.2026
Baxış sayı: 496
İynədən keçən ip kimi,
Mən bu dünyadan keçirəm.
Doğmalar içində qalır,
Mən bir az yadam, keçirəm.
Qaçılmaz yuxu kimiyəm,
Sədaqətli qu kimiyəm,
Damcılayan su kimiyəm,
Dağdan, qayadan keçirəm.
Kim barışar belə baxtla,
Bax baxtıma, otur ağla,
Bir ümidi açıq saxla,
Səbr et, ay adam, keçirəm.
Ölsəm də hər gecə, - sağam,
Çəkə bilmədiyim dağam,
Çox şeyi görən çırağam,
Abır - həyadan keçirəm. (sönürəm anlamında)
Ömrü əlimdən buraxdım,
Çilikləndim, sınıb axdım,
Yatmaqdan key olub baxtım,
Yoxmu oyadan, keçirəm