Lilpar Cəmşidqızı - QƏZƏL

Ədəbiyyat 10:00 / 01.09.2026 Baxış sayı: 469

QƏZƏL

Ey gözüm, hər gün baxıb, qan tökmüsən müjgan ilə,

Aşiqəm, qəlb içrə yollar çəkmisən müjgan ilə.

 

Yarələrdən lalələr açmış, könül bağimdədir,

Soldurub gülşəndə möhnət əkmisən müjgan ilə.

 

Zülfümün rəngin səmadən aldığın gündən bəri,

Qan tökülmür tellərimdən, bükmüsən, müjgan ilə.

 

Bir məhəbbət dəftərin yazdın qələm qaşımla sən,

Mən quran eşq aləmin hey sökmisən müjgan ilə.

Min xəyanətdən keçən, ruhum qalıbdur sərbəsər,

Ümmidin səhradə qəsrin tikmisən müjgan ilə.

Qanla dolmuş badədən nuş eylədim axşam- sabah,

Bir sədəfdən ab içərkən çökmüsən müjgan ilə.

Qul yaranmış Lilparın, aləmdə tək Sultanısan,

Ey Xuda qismət xədəngin* çəkmisən müjgan ilə.

*Xədəng- ox deməkdi