Zakir Bayramlı,Şair-publisist, AY və AJ B-nin üzvü, qocaman təhsil işçisi :-Müasir dünyada erkən nikahlar: Zorakılığın təzyiq və məcburetmə forması.

YAZARLAR 09:11 / 21.09.2023 Baxış sayı: 2757

Dördüncü söhbət  

 

 

 

 

Həmişə vaxtında və  sağlam bünovrə üstündə  qurulan hər bir ailə dövlətimizin və millətimizinn böyük sərvəti və parlaq gələcəyi hesab olunub. Lakin bəzən elə olur ki, biz bu sərvəti göz və bəbək kimi qorumaq əvəzinə onu dağıtmağa və gələcəyə olan işıqlı ümidlərini zəiflətməyə çalışırıq. Bütün bunların hamısı isə  ictimai və dövləti maraqların səbəbindən deyil, şəxsi maraqlar  üzündən başımıza gəlir.

18 yaşı tamam olmayan yeniyetmələrin və ya gənclərin nikaha daxil olması  erkən nikah və ya erkən evlilik hesab olunur. Haqq-ədalət və həyat həqiqətləri sübut edir ki, erkən nikaha daxil olanlar bir sıra ciddi  problemlərlə üzləşirlər.Bunların bir qismi: erkən yaşda evlənənlərin fizioloji- psixoloji cəhətdən ailə qurmağa tam hazır olmamasını, yeni qurulmuş həmin ailələrdə hüquq bərabərliyinin ciddi şəkildə pozulmasını, müxtəlif zorakılıq hallarının geniş vüsət almasını, ana-uşaq ölümlərini və başqa fəsadları göstərmək olar.

Müasir dünyanın hüquqi prizmasından  erkən nikah məsələsinə baxış demək olar ki, birmənalıdır. Beynəlxalq hüquqa görə, uşaqların erkən yaşlarında nikaha daxil olması insan hüquqlarının pozulması halı  hesab olunur. Erkən nikah dedikdə respublikamızda yaşı 18-dən aşağı olan yeniyetmələrin və gənclərin nikaha daxil olması başa düşülür. Uşaqların hüquqlarının müdafiəsi məqsədilə qəbul edilmiş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasına əsasən  18 yaş  uşaqların nikaha girməsi üçün ən az aşağı  yaş həddi sayılır.

 “Save the Children” təşkilatının açıqladığı hesabatda göstərilir ki, dünya  üzrə 700 milyon qız uşağı 18 yaşından tez məcburi qaydada evləndirilib. Təşkilatın  qeydlərinə görə, uşaq yaşında olarkən  müxtəlif təzyiq üsulları əsasında evləndirilən həmin  qız uşaqlarının sayı  get-gedə azalmaq əvəzinə ildən-ilə çoxalır. Təşkilatın verdiyi təxmini proqnozlara görə erkən nikahların miqdarı 2050-ci ildə 1 milyard 200 milyona qədər yüksələcəkdir. Dünya  üzrə əldə edilmiş rəqəmlərlə müqayisədə Azərbaycanda erkən nikahlar azlıq təşkil etsə  belə yenə də, uşaqların erkən yaşlarında nikaha daxil olması  halları  insan hüquqlarının pozulması  cinayəti  hesab olunur.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Uşaq Fondu ilə birlikdə 2009-cu ildə “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” adlı sosial araşdırma aparmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, BMT- nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi vasitəsilə 2010-cu ildə respublikamızın rayonlarında olan şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirilmişdir. Aparılan təhlillər əsasında məlum olmuşdur ki, Azərbaycanda erkən nikahın qarşısının alınması sahəsində görülmüş tədbirlər,  qanunvericilik aktlarında, siyasətdə və təcrübədə bir sıra təkmilləşdirmələrin aparılması, eləcə də, digər dəyişiliklərin və tövsiyələrin qəbul olunması öz səmərəsini vermişdir. Belə ki, 2011-ci ildə Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişiklik edilərək qadınların nikaha daxil olması üçün minimum yaş həddi 17-dən 18 -ə qaldırılmışdır.

Azərbaycan respublikasının qanunvericiliyində kişi və qadınlar üçün nikah yaşı 18 yaş müəyyən edilmişdir. Lakin  müvafiq  icra hakimiyyəti orqanları müstəsna hallarda üzürlü səbəblər olduqda nikaha daxil olan gənclərin valideynlərinin rəsmi razılığına əsasən nikah yaşını bir il azaltmaq səlahiyyətinə malikdirlər.

Ölkəmizdə 17 yaşında rəsmi nikah  qeydiyyatına alınmış erkən nikahların sayı Dövlət Statistika Komitəsinin  rəsmi məlumatına əsasən belə olmuşdur: Şəmkir rayonunda 18 nəfər, Ağcəbədi rayonunda 17 nəfər,  Sabirabad rayonunda 15 nəfər, Yevlax rayonunda 14 nəfər, Bakı şəhərində  13 nəfər, Ağdaş rayonunda 11 nəfər, Samux rayonunda  10 nəfər, Gəncə şəhəri və Tovuz rayonunun hər birində 9 nəfər, Qobustan rayonunda 8 nəfər, Quba rayonunda 7 nəfər, Abşeron, Ağdam, Bərdə, Şabran, Zərdab və Şəki rayonlarının hər birində 6 nəfər, Naxçıvan Muxtar Respublikasında  və Goranboy, Göygöl, Ağstafa, Saatlı və Hacıqabul rayonlarının  hər birində 5 nəfər, Füzuli, Tərtər, Lənkəran, Masallı, Yardımlı rayonlarının və Mingəçevir şəhərinin hər birində 4 nəfər , İsmayıllı, Siyəzən və Kəlbəcər rayonlarının hər birində  3 nəfər, Şamaxı, Daşkəsən, Xocavənd, Şuşa, Gədəbəy, Xaçmaz, Laçın rayonlarının və Şirvan şəhərinin hər birində   2 nəfər, Sumqayıt şəhəri, Qazax, Kürdəmir, Ucar, Beyləqan, İmişli, Balakən, Oğuz, Zaqatala, Cəbrayıl, Qubadlı, Neftçala və Biləsuvar rayonlarının hər birində 1 nəfər  17 yaşında rəsmi olaraq  erkən nikah  qeydiyyatına düşmüşlər.

Əvvəlki illərdə çox valideynlər, onların yeniyetmə və gənc övladları erkən nikahların yaratdığı fəsadlardan xəbərsiz idilər. Bu vaxta kimi onlar erkən nikahın  nə qədər qorxulu və təhlükəli, olduqca riskli bir iş olduğunu  lazımı səviyyədə dərk etməmişdilər. Ona görə də mən sadə formada   yeniyetmə və gənclərimizə, onların valideynlərinə erkən bağlanan nikahların zərəri haqqında qısa da olsa  açıqlama vermək istəyirəm:

1. Erkən nikahlar hər şeydən öncə qızların təhsilini yarımçıq qoyur. Və onların nadan və təcrübəsizliyi üzündən bir illik uşaqlıq dövrünü onların əlindən zoraklıqla alır.

2.Valideynlər tərəfindən qızların erkən nikaha məcbur edilməsi qızların cəmiyyətdə fiziki və zehni cəhətdən kamil şəxsiyyət kimi yetişməsinin qarşısana birdəfəlik hündür və qalın sədd çəkir.

3.Atalar və analar  qızlarının hüquqlarını kobud şəkildə pozaraq onların istədiyi sənətə və peşəyə  yiyələnmək hüquqlarını onların əlindən alırlar.

4.Uşaqlıq və yeniyetməlik dövrünü tam başa çatdırmamış qız uşaqları erkən ailə qursalar da onların orqanizmi həmin yaşda ərə getmək üçün hələ bərkiməmiş hesab edilir. Orqanizmin tam formalaşmamış yeniyetmənin hamilə olması da işi daha da çətinləşdirir.  Gənc qadınlar hərtərəfli sağlam olsalar  belə onların istər hamiləlik vaxtı, istər doğuş zamanı, istərsə də  uşaq anadan olandan sonrakı dövrdə səhhətində müxtəlif ciddi problemlər yaranır.

5.Mütəxəssislərin açıqlamalarına əsasən erkən nikahlar zamanı  uşağın doğulması  yeniyetmə və gənc ananın, eləcə də yeni doğulan körpənin ölüm hadisəsinin baş vermə ehtimalını çox yüksək dərəcədə artırır.

 6.Yuxarıda göstərilən bütün mənfi amillərin baş vermə səbəbi erkən nikaha girmiş yeniyetmələrin və ya  gənclərin fizioloji cəhətdən hələ tam yetişməməsidir.

 7.Yeniyetmə və ya gənc anada doğuşdan sonra müxtəlif  növ xəstəliklərin baş vermə  riski daha çox olur. Tədqiqatçıların rəyinə görə, 18 yaşdan kiçik hamilə qalan  qadınların 35-55%-i dünyaya yarımçıq uşaqlar və ya kifayət qədər çəkisi olmayan uşaqlar gətirmə riskinə malikdirlər.Bu acınacaqlı hal isə 19 yaşlı gənc analara nisbətən 17 yaşda olan şəxslər üçün daha yüksək faizdir.

8. Tibb işçilərinin araşdırmasına görə 18 yaşdan aşağı erkən ailə quranlar arasında istər hamilə və doğuş vaxtı, istərsə də uşaq doğulduqdan sonra uşaq ölümü  halları 60%-ə qədər yüksəlir.  Erkən nikah təkcə gənc ananın deyil, həmçinin körpənin də sağlamlığını təhlükə altına alır.

9.Uşaq yaşlarında, yəni 18 yaşından əvvəl yeni bir ailəyə, evə köçməzdən əvvəl gənc qızlar yeni qurulmuş həyata psixoloji cəhətdən hələ tam hazır olmurlar. Bu səbəbdən də  onlarda bir sıra psixoloji problemlər əmələ gəlir. Yeni meydana çıxmış bu problemli vəziyyət gənc qadınlar arasında müxtəlif psixoloji hallara, o cümlədən ağır depressiya vəziyyətinə, ürəkgetməsinə, öz-özünə qəst etməyə, eləcə də, müxtəlif intihar cəhdinə yol aça bilər. Ona görə də erkən nikaha girmiş qızlar  özlərinin, həmçinin dünyaya gətirəcəkləri körpələrin sağlamlığını bütün cidd-cəhdlə qorumağa borcludurlar.

Son araşdırmalar sübut edir ki, erkən nikahlarla bağlı yeniyetmələr və gənclər  arasında vaxtaşırı aparılan yüksək səviyyəli  maarifləndirici tədbirlər müəyyən dərəcədə öz faydasını verə bilir. İndi nəinki gənc qızlar , hətta azyaşlı oğlanlar da erkən nikahın gələcəkdə bir sıra  fəsadlar yaradacağını açıq-aydın dərk edir və görürlər. Əldə edilən müsbət  nəticələr cəmiyyətimizin bütün sahələrində təbliğat işinin  və maarifləndirmənin təşkilatçılıq səviyyəsindən də aslı olacaqdır. Tədricən valideynlər və erkən nigaha məcbur edilən qızlar baş verə biləcək ciddi problemləri öyrəndikdən və təhlil etdikdən sonra  düşünülmüş qaydada erkən nikah kimi belə bir qorxulu və təhlükəli addımı atmaqdan gec-tez çəkinəcəklər. Ömər Xəyyamın belə bir kəlamı var: Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan”. Ona görə də  ata-anaların  gənc övladları  ailə qurarkən tələm-tələsikliyə, təzyiq və məcburetmə hallarına yol verməməlidirlər. Onlar  emosional hisslərlə, şəxsi istəklərlə və arzularla yox, cəmiyyətimizin qayda-qanunlarına, əxlaq normalarına, eləcə də xalqımızın milli dəyərləri olan və hamı tərəfindən bəyənilmiş adət və ənənələrinə ciddi riayyət etməklə evlənməlidirlər. Həyat həqiqətləri göstərir ki, erkən nikahlarda xoşbəxtlik  çox nadir hallarda  uğur qazana bilir.Həqiqi sevgi olmadan gizli və şəxsi maraqlar eşqilə,cütlüyün böyük yaş fərqilə və ata-ana təzyiqinə əsasən zorla  bağlanan belə  nikahlar  ailə adlı qpuma dəhşət yaşadır. Belə ailələrdə həmişə hərc-mərclik, dava-dalaş, zoraklıq, köləlik, ailənin təkbaşına idarə olunması prinsipi hökm sürür. Burada əsl sevgi-məhəbbətdən, hörmət-izzətdən, bir-birinə güzəştə getməkdən söhbət belə gedə bilməz.

Azərbaycan xalqının neçə-neçə əsrlərin sınağından çıxmış gözəl bir atalar sözü var: “İnsan özü-özünə eləyəni el yığılsa eləyə bilməz”! Məhz bu səbəbdən bütün ata və analar, gənclərimiz, xüsusilə qızlarımız erkən nikahlara “yox” deməli, özlərinə keçmişdən deyil, müasirlikdən, yenilikdən və dünyanın hər gün təzələnən ən gözəl təcrübəsindən qaynaqlanan, əxlaq və qanunlarımıza və ən zəngin adət-ənənələrimizlə səsləşən xoşbəxt  ailə həyatı qurmalıdırlar.