Şakir Xanhüseynli : - KÜÇƏ MÜĞƏNNİSİ

Ədəbiyyat 10:55 / 07.06.2025 Baxış sayı: 1877

 

küçə konsert zalındı, boş dayanmaq zülmdü,

bəlkə çoxdan yanmısan, buradakı külündü...

önündə boş papaq var, ya da ki, boş bir qutu,

qəlbin dolu, umudlu, özün çal, özün oxu,

daha nə istəyirsən...

 

nə kiminsə əlində, nə cibindədi gözün,

baxırsan baxmırsan ki, görürsən görmürsən ki...

sanki dünyadan qopub bura düşmüsən gizlin,

ucuzdu bu yaşamın dəyəri, bilmirsən ki;

baha nə istəyirsən...

 

özün öz aləmində- bu aləmdən uzaqda,

elə bil ki, hər qəmdən, hər ələmdən uzaqda...

qəpik-quruşa sahib olmaq deyil istəyin,

təki rahatlıq tapsın, rahat vursun ürəyin;

gör ha, nə istəyirsən...

 

səsin güvəndiyin dağ, qoy ona qar yağmasın,

qalammıram biganə, yanında durum bir az...

oturmusan, çətindi, yox, ayağa qalxmasan,

əslində, hamı üçün ağırdı durum bir az,

xəyalımdan keçir ki, sənə sarılım bir az,

sonra nə istəyirsən?!