Əlizadə Nuri : - Gözlərin üstümə qoşun çəkibdir

Gözlərin üstümə qoşun çəkibdir-
Kirpiklərin məni nə qarət eylər!
Bir nəğmə bəstələ mənim qəmimdən,
Çəkdiyim ahları nəqarət eylə!.
Ölmüş bir arzumun daş yuvasıyam,
Bu dolu dünyanın boş yuvasıyam...
Gülləyə tutulan quş yuvasıyam-
Apar göy üzünə əmanət eylə...
Ayı oğurlanmış bir gecəyəm mən,
Keçmişdə gizlənən gələcəyəm mən.
Sənə qovuşanda öləcəyəm mən-
Qoyma yaxınına, ədalət eylə!
Dağdan o üzdəsən- çəkir dağ məni...
İstəsə aldadar lap uşaq məni.
...Yenə də öldürmə, saxla sağ məni-
Yenə də sən mənnən ədavət eylə.
Dərviş deyiləmsə, nə gəzirəm mən?
Bir eşqin yolunda müntəzirəm mən...
A zalım, canımda dərd kəsirəm mən-
Gəlib bu kərpicdən imarət eylə...
Yaxşı ki, yağışlar göydən sağ düşür,
Yenə bu kor yola bir axsaq düşüb...
Qoy hərdən yuxuna mən qonaq düşüm-
''Qonaqlıq" verməyə sən adət eylə...
Min etmək istəyib, bir eyləmişəm,
Bir gül ürəyində yer eyləmişəm...
...Haçandı bu qəmi pir eyləmişəm-
Hərdən sən də gəlib ziyarət eylə...