Adilə Nəzərdən ÜÇ ŞEİR

Ədəbiyyat 08:53 / 06.06.2025 Baxış sayı: 1543

HU... dəli-dəli

Sevgilim, qulaq ver gələn fəğana,

Dinlə, gör nə deyir bu dəli-dəli.

Çəkim saçlarımı gözümdən yana-

Bax, necə çağırır, Hu... dəli-dəli.

 

Sözün sözüm idi, andındı andım,

Əydin, əyilmədim, amma ki, sındım.

Mən odsuz-ocaqsız yandıqca yandım,

Çilə atəşimə su dəli-dəli...

 

Burada bir dəli qulun oynayır,

Axtarır tapammır yolun, oynayır.

Düşüb ortasına gölün oynayır

Sonuncu rəqsini qu dəli-dəli...

 

Bir ağrı, bir acı atıbdı çəngəl,

Gözümün önünü tutubdu çən, gəl.

Kim gəlmir gəlməsin, öləndə sən gəl,

Məni göz yaşınla yu, dəli-dəli...

***

Bir salama dəyməyəcəkdisə

yaşananlar,

gözdən düşəcəkdisə Gün…

al, sənə yüzlərcə salam olsun!

Bu gün gündüzdən Ayı səsləmişdim:

"Bu gecə nurlandır Günümü!"

Axşamdan Günəşi çağırmışdım:

"Günümə şəfəq çilə!"

Ayın nuru, Günəşin işığıdırsa adın,

mən səni çox çağırdım.

Bir salama dəyməyəcəkdisə

yaşananlar,

Gün gözümdən düşəcəkdisə,

qəlbimdəki ocaq

tam sürətlə sönəcəkdisə madam,

al, sənə əlvida dadında

yüzlərcə salam olsun, adam!

 04.06.2024

HANSI ŞAİR

Hər gecə mövzu gəzdi şairlər, söz haqladı,

Dili döndərmədiyi dualar sayıqladı...

Ağladı qələminə məsumiyyət olaraq,

Sonu yarım hekayə...ya da ölüm bağladı.

 

Yazdıqca yazdıqları qəlblərə min iz saldı,

Bəzən son söz sandılar – bitər, bitdi...az qaldı.

Yağış yağdı... gün çıxdı... ay batdı... səs... səssizlik...

Yenə də davam etdi... A-dan Z-yə uzandı.

 

Nə var duyğularında, töküb bir-bir kağıza,

İndiyədək çoxları düşdü dilə, ağıza.

Hər gecə söz qaynadı, göz ağladı, duruldu,

Hansı şair tam sızdı mürəkkəbdən kağıza?..