Vahid Aslan - Qarşıla məni

Ədəbiyyat 09:26 / 27.07.2026 Baxış sayı: 194

 

Dağlardan gəlirəm yüküm ağırdı,

Gəlirəm, gözlərin məni çağırdı;

Görsən ki, görkəmim bir az fağırdı,

Mamırlı qaya bil, qarşında məni.

 

Canımda bir azca dərə yuxusu,

Bir az da çaylar tək coşmaq duyğusu;

Köçüb gözlərimə çiçək qoxusu,

Meşələr bürüyüb yaşıla məni.

 

Dağ havası uddum havam sərindi,

Bulaq suyu içdim dilim şirindi;

Könlümün şah yeri zirvələrindi,

Qarşıla sevgilim, qarşıla məni.