Xatirə Rəhimbəyli - AD GÜNÜMÜN ŞEİRİ...
(30 yaşın şeiri)
Umduqlarımın həmişə
Biri yoxdu,biri vardı.
Ürək yoxun əvəzinə
Xəyallarla ovunardı .
15-in nağıla verdim,
15 -ini kim apardı?..
Canım,ad günün mübarək!
Aşiq ölməsə ,tanınmaz,
Döz hələ eşqin dağına.
Nə sevmisən ki...Ölümü
Hələ buraxma yaxına.
Ağrıdıqca böyüyürsən
Xəyanətin acığına...
Canım,ad günün mübarək!
Sənin bir qəminə dəyməz
Onun min hicri,vüsalı.
Sən dönmədikcə bu yoldan,
O gəzir dəli, havalı.
Bəsindi,sevincək gəlib
Pıçıldayırsa xəyalı:
--Canım,ad günün mübarək!
Bir eşq üçün olubdusa
30 il bir göz qırpımı.
Dəyanətlisən,nə var ki
Söndürməyə 30 şamı?
Nə sən atıb gedəsisən,
Nə o açar bu dastanı.
Cənnət bağı bilib girdin
Sən o zaman bu zindanı...
Səninkidi ,bu acını
Çək,çıxsın canının canı...
Canım,ad günün mübarək