DOST İSTƏYİ - Ələddin Əzimli

YAZARLAR 16:05 / 26.07.2026 Baxış sayı: 220

 

Dəyərli insan, gözəl şair Əlövsət Tahirlini 2014-cü ildən tanıyıram. Həmin il şairin " Ürəyimdəsən hələ " adlı ilk şeirlər kitabı işıq üzü gördü. Əlövsət də o kitabından birini mənə hədiyyə etdi.

Kitabı diqqət və maraqla oxudum. Gözəl Vətənimizi, onun hamı tərəfindən qəlbən sevilən Cəlilabadımızı,onun əsrarəngiz dağətəyi zonasını, barlı-bərəkətli geniz Aran düzənliyini əsl şeir müstəvisinə qaldıran şairin səmimiyyətini, açığı, çox xoşladım. Bu əsərlərin müəllifinə-Əlövsət Tahirliyə bir şeir də həsr etdim. Həmin şeir hörmətli ziyalımız, şairimiz Ədalət Salmanın nəşr etdirdiyi " Sözün işığı " jurnalında çap olundu.

Uzun fasilədən sonra şairin üç kitabı dalbadal- 2024, 2025 və 2026-cı illərdə nəşr olundu. Bu, məni çox sevindirdi. Düzdür, Ə. Tahirlinin dövrü mətbuatda, sosial şəbəkədə şeirləri tez-tez işıq üzü görerdü və mən də onun bu şeirlərini çox maraqla oxuyurdum.

Son günlərdə Əlövst Tahirlinin iki kitabı-" Bu dünya mənlik deyil " və " Saçımın dən vaxtıdır " kitabları əlimə düşdü. Daha doğrusu, şair bu kitablarını da mənə hədiyyə etdi.

Mənim itirdiyım sənə bənzərdi,

Onun da gözləri alaydı, Ceyran.

Mən ona aşiqdim, o da ki mənə,

Anadan ayrılan balaydı, Ceyran.

O idi könlümün sevda naxışı,

Dünyaya dəyərdi bircə baxışı.

Yaza döndərərdi dinəndə qışı,

Kaş mənim qismətim olaydı, Ceyran.

Bu gözəl sətirlər sevimli şairimizin " Bu dünya mənlik deyil " kitabındandır. Yeri gəlmişkən qeyd edim ki, bu kitabdakı şeirlərin bir çoxu saf duyğulara- sevgiyə həsr olunub.

Şairin " Saçlarımın dən vaxtıdır " kitabı isə rəngarəngliy, bədii bütövlüyü, poetik çalarlarıyla diqqəti daha çox cəlb edir. Almaniyanın Norden şəhərində bir-neçə ay yaşayan şairin yazdığı şrirlərdə mövzu müxttəlifliyi daha qabarıqdır. Bu şeirlərdə də şair həqiqi sevgidən yan keçə bilmir:

Səndən sevgi hördüm cana,

Qərq oldum qadaya-qana,

Elə o vaxtdan bu yana,

Həmin şövqlə yaşayıram.

Girov qoydum səndə canı,

Dedim nədir bu eşq, tanı,

Ay insafsız, o sevdanı,

Ürəyimdə daşıyıram.

Əlövsət Tahirlinin Norden yadigarı bu gəraylısı poetikliyi, rəvanlığı, bədii dəyəri ilə seçilir. Ümumiyyətlə, Əlövsət Tahirlinin ilk kitabı ilə müqayisədə bu şeir topluları poetik keyfiyyətləri ilə daha mükəmməldir desək, yəqin ki, yanılmarıq.

Bu xırda, kiçik yazını sevimli şairimizə bir dost istəyi, daha böyük uğurlar arzusuyla yazdım.

Tutarlı, yetkin şeirləriniz bizi həmişə sevindirsin əziz şairimiz, dostumuz, Əlövsət Tahirli !!

26.06. 2026