Şakir  Xanhüseyn - BİR OCAQDA SÖNMÜŞ ÜMİDLƏR

Ədəbiyyat 09:21 / 27.07.2026 Baxış sayı: 1215

 

bir ocaqda sönmüş ümidlər,

od gəzənlərin pərşikəstə halı.

bir uşağın

cırıq ayaqqabısından

baxan barmaqları;

o ki daşa dəyən arzularıyla

bilmir ana yanına qaçsın, ya ata,

küskündü həyata...

yəqin, bu il getməyəcək məktəbə,

maşın təkəri yuyacaq,

nə doyunca yeyəcək, nə uyuyacaq.

itə sümük atarcasına

ovcuna basacaqlar bir-iki quruş,

ah, zəmanənin gözü kor olmuş...

ceyran belindədi bir tikə ruzu,

"bulanır uşağın gözlərində su"...

sınıb ailəsi bir güzgü kimi,

doğmalar içində o, özgə kimi...

başını sallayıb

küçələri dolanan,

kədərdən ürəyi bəzən sıxılan,

dövr onu üyüdən bir kirkirəmi...

körpə taleyinə səfalət düşüb,

çoxdandı üzündə

donub gülüşü.

yatağa girəndə qaçır yuxusu,

lillənir uşağın gözlərində su...

köməkmi diləsin div əmilərdən,

div dayılardan,

hara getsə də, boş qayıdır ordan.

boyundan böyükdü uşağın qəmi,

hər addım atanda qırılır qəlbi.

heç kəs dindirməsin,

dolub o uşaq;

yanır, isinməyə odu yox ancaq...