tƏRANƏ mƏMMƏD - Yuxulara inanın.
Mən ruham.İki ildir ki, ayrılmışam ölmüş cismdən.
Cismim uşaqlıqdan xəstə idi. Valideynlərimə çox əziyyət verirdi. Bir gün yenə tutması oldu. Bu dəfə həkimlər heç nə edə bilmədilər. Məni daşıyan cism öldü və dəfn günu cismimi tərk etməli oldum.
Artıq iki ildir burada mövcudam.
Bura çox gözəldir.Hər yer bəmbəyaz. Güllər, çiçəklər, dəniz- hər şey ağ rəngdədir.
Mən yerimək üçün əziyyət çəkmirəm. Addım atan kimi sanki buludlarda uçuram. Qəribə bir hal keçirirəm hər dəfə. Hərdən sərhəddi keçib yerdəkilərin yanına da gedirəm. Bu hər kəsə nəsib olmur. Axı, buranın öz qanunları var. Ancaq ürəkdən sevənlərin yerə qayıtmaq ixtiyarı var. Mən sevirəm. Bəli, bəli mən o oğlanı sevirəm.
Biz onunla xəstəxanada görüşdük. O da xəstə idi. Onu hər dəfə həkimlər xilas edirdi.Mən onu çox sevirəm. O da məni sevir. Hərdən yerə enəndə onu görürəm, amma o məni görmür.
Hərdən də onun ruhu mənim yanıma gəlir. Ancaq hər dəfə həkimlər mane olub onu ayıldırlar və onun ruhu bədəninə qayıdır.
Bu gün yenə mən onun yanındayam. Xəstəxanada.
O, yatıb. Onun əllərindən tutub bərk -bərk sıxıram, sonra saçlarını sığallayıram. Çox istəyərdim ki, gözlərini açsın.Həmişə gözlərinə baxıb ona onu sevdiyimi demək istəyirdim. Onu sevdiyimi bilmir. Deyirdi ki, mən onun ruhuyam, həyatıyam, vuran ürəyiyəm.Ona qalsa, bir gün sevgi ilə yaşamaq yüz il sevgisiz yaşamaqdan yaxşıdır. Əslində haqlıdır.Mən bunu indi hiss edirəm.
Budur, anası gəlir. Yataqdan geri çəkilib divara söykənirəm. Anası onun alnından öpub cikkə çəkir:
- Oğlum!!! Kömək edin!! Həkiiim!
Mən yerimdə dayanıb otaqda olanları müşahidə edirəm.
Otağa həkimlər, tibb bacıları yığışır. Hamı təşvişdədir.O isə oyanmır. Anası ağlayır və gözünü ondan çəkmir. Yarım saat belə keçir. Nəhayət o, gözlərini açır.
İrəli addımlayıb onun qarşısında dayanıram. O, məni görmür, eşitmir.Əllərimi ona uzadıram. O, məni yenə görmür. Düz gözlərinə baxaraq "Mən səni sevirəm!"- deyirəm. Amma o məni nə görür, nə eşidir...Mən üzümü çevirib otaqdan çıxmaq istəyirəm.
Bu zaman onun halı yenidən pisləşir. Yenidən otağa həkimlər yığışır . Bu dəfə heç kim ona kömək edə bilmir. O, gözlərini həmişəlik yumur...
Hamı həyətə toplaşıb. Molla son sözlərini deyir. Mən bu mənzərəyə kənardan baxıram. Ruh olduğumdan ağlaya bilmirəm, ancaq onu bir daha görə bilməyəcəyimi dərk etdikcə ürəyim ağrayır. Mərasimi yarımçıq qoyub geri qayıtmağı qərara aldım.Son dəfə yerdəkilərə baxıb getdim...
Havada bir-iki addım atmışdım ki, onun səsini eşitdim:
- Dayan! Getmə!
Qeyri-ixtiyarən özümü onun qollarına atdım.O, məni bərk-bərk qucaqlayıb öpməyə başladı. İlk dəfə ürəyimin döyüntüsünü hiss etdim.Onun gözlərinə baxıb "Mən...səni ...sevirəm!" -dedim.
Yolumuz uzaq idi. Biz bu xöşbəxtliyi yaşamaq üçün həmin bəyaz məkana gedirdik. İkimiz də təəssüflə ağlayan valıdeynlərimizə baxırdıq, lakin onlara öz xoşbəxtliyimizi bildirə bilmirdik...
Ertəsi gün, analarımız bizi yuxularında gördüklərini danışacaqlar. Onlar bizi yuxuda xoşbəxt gördüklərini deyəcəklər. İnanın o yuxulara. Bu həqiqətən belədir...
Sevdiyiniz insanla qovuşa bilmədiyinizə görə üzülməyim. Cismin bacarmadığını ruh bacarır bəzən...