Tofiq  Əmrahov - Köhnə kişilər

YAZARLAR 15:52 / 23.10.2026 Baxış sayı: 121

 

Kürək çayının sol sahilində bir kənd var. O, füsunkar gözəlliyi ilə sevilən, seçilən Todanımdır. Todan elə bir yerdə yerləşib ki... Arandan dağa sürülər qalxanda bu kənddən keçər, dağdan da arana yenə bu kənddən... Burada bir nəsil var, böyük səcərəli bir nəsil... Avazlılar!

Bu nəslin arxivinə baş vurduqca hadisələr, baba və nənələrin haradan gəldikləri necə gəldikləri maraq doğurmaya bilmir. Bir ucu Türkiyə, bir tərəfi Qazax, o biri yanı Gədəbəyin Söyüdlü kəndi. Bu nəsil belə bir həyat yolu keçə-keçə son dayanacaq yeri tapdıqları Todan...

Avazalının nəvəsi İskəndər atasının Türkiyədən gətirdiyi təsbehi cütləyə cütləyə həyətindəki cökə ağacının altında çay içirdi. Oğlu Qaranın dağdan gec gəlməsi onu çox düşündürürdü. Nə oldu bu gədə niyə gəlib çıxmır deyə-deyə xəyala dalırdı. Az keçmədi ki, Qaranın atı kişnəyə-kişnəyə özünü çatdırdı. Ə a bala, a Qara, niyə belə gec gəldin, yaylaxda nə var, nə yox. O xəstələnən çobanımız necədir?. Qara atasının suallarını yerli yatalqalı cavablandırandan sonra dedi Dədə, bilirsən yolda nə oldu?!

-Nə oldu ki bala, yoxsa əlindən xətamı çıxdı. Sən bir az cingöz adamsan.

-Yox ay dədə. Gəlib gördüm Uzun dərədə bir kişinin atı ölüb, özü də yanında əli qoynunda qalıb. Mən də elə pis oldum ki...

-Hə, oğul yəqin dağdan arana qatıxdan, süddən aparırmış.

-Hə, ay dədə, soruşdum dedi Baxçakürddənəm. Ay dədə, o kişiyə necə kömək edək...

-O, mehtər Hümbəti bura çağır.

-Baş üstə Dədə.

..Hümbət, ilxımızın ən yaxşı atı hansıdı?.

-Ağa, qaşqa, ayağı səkilli...

-O Ceyranı deyirsən?

-Bəli, ağa onu deyirəm.

-Hə, indi get onu təzə yəhərlə yəhərlə. Sonra da apar Uzun dərədə atı ölmüş bir kişi var, ver ona. Deyərsən ki bu atı sənə Əmrahoğlu İskəndər göndərib. Dedi ki təki ölən heyvan ölsün, ondan ötrü niyə bikefləyirsən. Bir də deyirəm deyərsən ki, atı sənə həmişəlik bağışlayıb. Baş üstə ağa...

Hümbət deyildiyi kimi edib atı verib qayıtmaq istərkən, yolçu soruşdu: ə a bala, o İskəndər kimdi, məni hardan tanıyır?

A kişi, mən nə bilim səni hardan tanıyır, hardan tanımır. Mənə deyilib apar ver, mən də gətirib vermişəm, xudahafis!...

Kişi bərxanasını yığışdırıb bəxşeyiş olunmuş ata yükləyib üz tutur üzü aşağı Baxçakürdə tərəf. Kəndə çatanda qaranlıq düşmüşdü. Uşaqları atalarının qabağına qacaraq boynundan sarıldılar, öpüşdülər, görüşdülər.

Atası, ayə ay oğul, atanla niyə görüşmürsən, de görüm dağda nə var, nə yox. Yaxşılıqdı dədə. Ancaq bir iş var ki, gələndə yolda atımız öldü. Niyə a bala, durduğu yerdə at niyə ölür ki...Nə bilim ay dədə, Todana çatırdım ki, at yerimədi. Durdu, durdu yıxıldığı ilə öldüyü bir oldu. A bala bə nə təər gəldin, bə bu at kimindi? Ay dədə bir kişi gətirib verdi, dedi ki, bu atı sənə Əmrahoğlu İskəndər göndərib, özü də həmişəlik. Kişi çox fikrə daldı, bu İskəndər görəsən kimdi. Durmaza, görməzə tanımadığı adama yəhərli, yüyənli at bəxşeyiş edir. Çox götür qoydan sonra üzünü oğluna tutub, ay oğul, payızda dağdan qayıdanda o mallarımızın gözü olan Maral camışımızı ana bala aparıb bağlıyarsan o İskəndər kişinin qapısına, deyərsən ki, Baxçakürddən Alıoğlu İrvaham sənə baxşeyiş edib. Ay dədə axı mən evlərini tanımıram. Ayə, beyvec oğlu, beyvec soruşanda deyəcəklər dəə. Oldu dədə.

Bax beləcə payızda köç dağdan qayıdanda oğlu atasının tapşırıqlarını yerinə yetirib camışı gətirib bağlayır Əmrahoğlunun qapısına. -Əmi, bu camışı atam göndərib, dedi ki, deyərsən Alıoğlu İrvaham göndərib, Baxcakürddən.

Əmrahoğlu İskəndər barmağını dişlədi, hə deməli, bu atın əvəzini qaytarıb... Bir müddət fikrə getdi, aşındı, daşındı. Elə bil yuxudan ayıldı: -Ay Mehralı, ay Mehralı tez bura gəl.

-Nədi lələ, noolub?

-Çox şey olub, qardaş, çox şey!

-Axı, nədi qardaş, de biz də bilək.

-Bilin qardaş, bilin, ayrı düşənimizin biri tapıldı. Odu axtardığımız, İrvahamdı, deyərək gözlərindən süzülüb gələn yaş damlaları qəlyanını islatmağa başladı. Hamı bir birinə qarışmışdı...Həsrətin son gecəsi idi..