Ayaz Arabaçı - Onda hələ torpaqlarımız alınmamışdı.
Onda hələ torpaqlarımız alınmamışdı.
Bu şəkil çəkilən vaxtları deyirəm.
Hər bir Azərbaycan övladı kimi mənim də ürəyimdə bir ağrı,bir nisgil vardı.
Hər dəfə yolum öz dağlarımıza düşəndə bu ağrı yenidən baş qaldırırdı. Dağlara baxırdım, amma təkcə qarşımda ucalan dağları görmürdüm. Gözlərim uzaqlara gedirdi. Şuşanın dağları gəlirdi gözümün önünə, Kəlbəcərin yaylaqları, Laçının qayaları, meşələri, bulaqları xəyalımda canlanırdı.
Mən həmişə dağlarımızın əzəmətində xalqımızın vüqarını, sərt qayalarında dözümünü, zirvələrində azadlıq arzusunu duymuşam.
İnsan gözəlliyi seyr edəndə sevinməlidir, amma mənim sevincimə həmişə bir kədər qarışırdı. Hər şey gözəl idi,hər şey öz yerində idi. təkcə Vətənin bütövlük mənzərəsi tamamlanmırdı.
Mən dağlarnan baş-başa qalanda dərdimi dağlara danışırdım. Elə bilirdim, bu uca zirvələr məni hamıdan yaxşı anlayır. Bəzən gözlərimi yumub susurdum, bəzən də ürəyimdə nə vardısa, hamısını qabqarıb üzümü göylərə tuturdum..
İçimdəki nisgil tək dağların, əsir yurdların nisgili deyil,evindən uzaq düşmüş bir elin, doğma yurdunun qapısını aça bilməyən insanların, uşaqlığını uzaqlarda qoyub başqa yerlərdə qocalanların nisgili idi.
İllər keçirdi, amma həsrətimiz azalmırdı. Zaman bəzən yaraları sağaldır deyirlər. Mənim yaralarım isə hər dəfə o dağlara baxanda təzələnirdi.
Mən dağlarnan dərdimi bölüşürdüm, hönkürtüm, nisgilim küləklərə qarışıb uzaqlara gedirdi. Amma bir şeyə inanırdım,bu həsrət əbədi qala bilməz.
İndi bu şəkil qalareyadan qarşıma çıxdı.Qeyri-ixtiyari kövrəldim,göz yaşlarıma hakim ola bilmədim. Göz yaşlarımda həm sevinc vardı, həm keçmişin acısı, həm də o günləri görmədən dünyadan köçən insanların xatirəsi.