Tapdıq ƏLİBƏYL- BELƏ DƏ OLUR...

Ədəbiyyat 13:37 / 22.10.2026 Baxış sayı: 729

 

“Şeir” sözünü “şeyir” yazanlar, təbii ki, şeiri də elə “şeyir” kimi yazırlar. Necə ki, “səhv”lə “səhih”, "nasir" lə "naşir" sözlərinin leksik mənalarını ayırd edə bilməyən bəzi jurnalist və yazıçılar var. Axı sözü düzgün yaza bilməyən kimdənsə fikrini düzgün ifadə etməsini gözləmək sadəcə sadəlövhlük olmazmı?..

Leksikonu kasad, orfoqrafiyadan xəbərsiz ola-ola söz sənətindən dərs verməyə qalxmaq isə ayrıca istedad tələb edir - əlbəttə, ədəbi istedad yox, özünəvurğunluq istedadı.

Nə olsun ki, “şeir” “şeyir” olub... Əsas odur ki, müəllifin öz gözündə əsəri şedevr, özü isə klassikdir. Oxucu anlamırsa, günah oxucudadır; tənqidçi bəyənmirsə, deməli, gözü götürmür.

Bir sözlə, bizdə bəzən şair və ya yazıçı olmaq üçün əsər yaratmaqdan çox, özünü sənətkar hesab etmək kifayət edir. 

 

 

Sözə yamaq olan cızma-qaranla

Bükmə ətəyinə abrını sözün!

Yer-dəyiş salırsan dağı aranla,

Dəyərin bilmirsən bir çürük qozun?..

 

Bilinmir kədərin, bilinmir qəmin,

Təpədən-dırnğa saxtasan, saxta.

Duyğusuz, idraksız yazan qələmin

Ancaq ömrü çatır doğulan vaxta...

 

Qoy səni mindirim mən cin atına,

Enişli-yoxuşlu çap yorulunca.

Özün enmədikcə sözün qatına,

Beləcə çaparsan ömrün boyunca...