Saqif Qaratorpaq - Bir gecə gəl...
***
Bir gecə gəl,
qollarım yuvan olsun,
Təkcə sən gerçək ol,
nə varsa yalan olsun.
Kirpiklərinin kölgəsində yatım,
Ətrinə batım,
sonra nə olur olsun!
Murada çatım,
sonra nə olur olsun!
Doğranım tikə-tikə,
çəkilim dara,
Köksümə vur yara,
sonra nə olur olsun!
Qanım axsın, dinmərəm!
Canım çıxsın, dönmərəm!
Nəfəsində əriyim, itim,
Sinəndə qönçələnib,
ürəyində bitim,
Sonra nə olur olsun!
Tanrı özü kəssin cəzamı,
Oxuyum son duamı,
sonra nə olur olsun!
Yolunda ölmək gözəl!
Ya özün gəl bu gecə,
ya mən gəlim,
Qoynunda ölüm,
sonra nə olur olsun!