Əlizadə Nuri -  Nə yaxşı, durmadım sözümün üstə

Ədəbiyyat 10:00 / 23.10.2026 Baxış sayı: 36

 

Ömür saat kimi qurulub gəlib,

Bu su göz yaşıdı, durulub gəlib.

Kədər də deyəsən yorulub gəlib-

Qoy, qoysun başını dizimin üstə.

 

Dünya cərgə idi, çıxdım dünyadan...

İndi hara gedim ilğım dünyadan?

Ayaq izlərini yığdım dünyadan-

Qorxdum ki, iz düşə izinin üstə

 

Özümlə danışdım, dinlədim səni...

Ömrümə uğur tək dilədim səni.

Nə yaxşı, unuda bilmədim səni-

Nə yaxşı, durmadım sözümün üstə...