Aida Adıgözəl - Ruhların paradı

Ədəbiyyat 14:53 / 23.10.2026 Baxış sayı: 209

Ruhların paradı

Demə ki mən karam, demə ki koram.

Demə unutmuşam, heç darıxmıram...

Demə ki görmürəm necə ölürsən,

mən necə söyləyim, ağlayammıram?

Nə yalan söyləyim guya ki, sağam?

Mən çoxdan ölmüşəm, indi ruh kimi,

ötüb küçə küçə, şəhər keçirəm.

Mən necə anladım hər səhər çağı,

günün günortası, gecənin yarsı,

göz yaşı, qəm kədəri, zəhər içirəm.

Sən demə dərd imiş, çiləymiş ömür,

yarısı payızmış, yarısı qışmiş.

Sən demə yalanmış dörd fəsil filan,

göydən başımıza yağan nə yaz-yay,

çobanı aldadan yağışlarımış.

Sən niyə tələsdin erkən doğuldun,

mən niyə gecikdim sənə çatmağa?

Tanrı, eşq əvəzi göydən daş yağdır

ürəyin yerinə bir şey gətir qoy,

tökülən daşları qarşılamağa...

Keçir matəmimin ağır günləri,

üçüm, yeddim çıxıb, qırxa az qalıb.

Bulud donlu dostum payız qapıda,

əlində sınıq ney, qırılmış kaman,

məni ağlamağa yaman sozalıb.

Uşaq deyilsən ki, bilirsən dostum,

sağçillə qayıtmaz gedən durnalar.

Bir qəfil güllənin nişangahında

qıvrılıb qanadı qırılanı var,

mənimtək öləni, vurulanı var...

İronik şeir

Sizi qırılasınız, ey zəhrimar güzgülər,

bəsdir yadıma saldız bu qara it günümü!

Bilirəm həzz alırsız mənə göstərmək üçün, simləmiş dərdlərimin yara, qabar, düyünün!

Hə, bu gün də boyadım, ağarmışdı saçlarım,

hə, biraz da çoxalıb əllərimdə qırışlar!

Belə cəhənnəmə ki, yanağımda çoxalır

məni çirkinləşdirən bu uzanan cığırlar...

Mən çoxdan unutmuşam sağda solda olanı,

biri deyəsən ürək... canı çıxsın ağrısın!

Sağalmaq istəmirəm, gəlin, hamınız gəlin,

sarılın vücuduma, artın, artın, çoxalsın!

Haçandı eynəkləyəm, gözüm uzağı seçmir,

daha arzulamıram əllibeşi, altmışı.

Qocalmaq istəmirəm tənhalığın küncündə,

gəlib ölmüş tapasız arsız, başı batmışı.

Axşamdan lap çoxalıb infarktın simptomları,

səhərəcən gülmüşəm ağrıların səsinə.

Xərçəng "smaylik" atıb, mən də yaxınlardayam,

qulağımı tıxadım xərçəng qəhqəhəsinə...

Belə! Bir gün də getdi bu tamaşa ömürdən,

yavaş-yavaş qapanır səhnənin pərdələri.

Titrək əllə açıram sonuncu poçt qutusun, sətirlərdən tökülür əcəlin hədələri...

🍂🍁🍂🍁🍂🍁🍂🍁🍂🍁🍂🍁🍂🍁🍂🍁

Küsüb çıxıb gedənləri

sonuncu qatar götürər.

Çox da doluxsunma gözüm...

perronda nə çox yad adam,

çıxar birisi... ötürər.

Yenə ağlasın göy üzü,

uzağı izlər itirər.

Payız gətirsə də kədər

qışdan sonra yaz fəsli var,

əkər bir ümid, bitirər...

Sevgi, ümid, sonuncu şans,

yığıb saxlayıb sətirlər.

Sən səfərləri sevərsən...

son bilet kassada durur,

alar ayrılıq, gətirər...

Bakıya elegiya

Ağlamaq istəyirdim,

heç bilmirəm nəyəsə...

Bütün şəhəri qucaqlamaq istəyirdim,

içində haçansa sən vardın deyə.

Bilmirəm,

hardansa burnumda sən qoxdun.

Baxdım əllərimə,

qollarımın arasına,

sonra ürəyimə...

Hamı,

hər şey yerindəydi,

təkcə,

təkcə sən yoxdun!

Payızı heç vaxt sevməzdim,

ayrılıq,

kədər qoxuyardı sanki...

İndi yayı sevmirəm,

bizi ayırdığı üçün!

Sanki adi fəsil yox,

aysberq keçdi ömrümdən!

Bir sevda öldü içimdə,

köçdü ürəyimdən.

Küsmüşəm şəhərdən...

Ağlama yarpaqlar,

ağaclar vəfasız deyil,

küləklər qəddardır,

səni ağacdan qopardığı üçün...

Xəzəllər xışıltını sevənlər üçün səsdir, ağlamağı sevənlər üçünsə payızın gəlişi...

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

Xəbərin var, bilirsən,

unutmuşam min ildir

şəklini, kölgəni də.

Hətta ürəyimi də,

içindəki səni də.

Ta qamaşmır gözlərim,

ağappaq köynəyinə, rəngli qalstukuna.

parıldayan tuflinə, ütülü kostyumuna.

Ta qımışmır dodağım kinli iradlarına,

nə gözlərim parlamır şirin qınaqlarına.

Telefonum da susur,

min ildir o da pozub yaddaşından nömrəni.

Unudub telefondakı mesajlar bölməsini...

Belə.

Fəsil fəsili qovur,

biz hər gün yaşlanırıq.

Daha irəli deyil geriyə boylanırıq.

Bizdən geri qalana...

Apara bilmədiyim,

daşıya bilmədiyin

o çiynimizi yoran,

könlümüzü ağrıdan

yollara daş tək düşən

kədər yüklərimizə.

Xəbərin var, bilirsən,

unutmuşam min ildir,

belə bir şey olmayıb.

Yaddaşımın küncündə

nə sən adlı bir bəndə,

nə sən adda xatirə,

sevgi filan qalmayıb.

Ta danışmır ürəyim gecələr öz-özümə,

düşünmürəm hardasan,

kiminlə danışırsan,

gözlərimi qapayıb ta ertədən yatıram.

Baxmıram oyaqmısan, yaşıl işığın yanır

allah bilir kiminlə

gecənin bir aləmi yenə nə yazışırsan...

Susuram.

Susursan...

İkimiz də bilirik indi susma zamanı.

İndi axı payızdı,

bir az üşüməliyik,

bir az ağlamalıyıq.

Bilirsən ki havalar azca üzü dönəndə

bir az mənim mərəzim,

bir az sənin mərəzin

dil boğaza qoymayır

bomboz oktyabrda.

Bir yandan gözümüzün,

bir yandan könlümüzün,

nəmi payız şehiylə

hopur göynəyib yanan

yaşlı sümüklərimizə...

Xəbərin var, bilirsən,

unutmuşam min ildir

səni də, özümü də...

Səndən sonra

Səndən sonra qalxmaq da var,

könlümdəki məzarlıqdan boylanmaq

ayrılığa acıq vermək...

Yaşamaqmı?!

Ölmək də var, ölmək də.

Səndən sonra bu dünyaya oyanmaq var,

içimdəki qaranlıqdan...

Bu ömürün saatını

gecəsinə gündüzünə

bölmək də var, bölmək də.

Səndən sonra toparlanıb durmaq da var,

ağrıların qabağında

suallara cavab tapmaq...

Dəli kimi, acı-acı

gülmək də var, gülmək də...

Səndən sonra yaşamağı öyrənmək var,

bu ömürün sükanını ələ alıb

işıqforsuz, əyləcsiz də

çıxıb getmək, qəzalara

sürmək də var, sürmək də.

Səndən sonra misralarla danışmaq var,

sözlər yatmır şeirlərə...

Səndən sonra səni dostum,

nə zülümlə ürəyimdən

silmək də var, silmək də...

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

Darıxma mənimçün gözünə qurban,

payızdı ayrılıq havası çalan.

Gözündəki kədər öldürdü məni,

hələ xəzriyə bax, saçını yolan.

Günahkar payızdı qınama onu,

ağlamaq boyuna kəsib biçilmiş.

Ay ömrüm, biz nəyi dəyişə billik,

bu qismətin donu bizə tikilmiş.

Baxma gözlərində bir dünya töhmət,

bir qucaq həsrətə bürünmüşəm mən.

Səndən qopmamaqçın bilsən a zalım,

daha haralara sürünmüşəm mən.

Qoy mən payız olum, sən bahar kimi,

ümidi səpirəm sən bitirərsən.

Bir qucaq dərz olsun, gözlərəm yazı,

dolub dənə düşsə sən gətirərsən.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

Bütün ayrılıqların

möhürüdür baş daşları...

Bütün şəhidlər xiyabanında

analar payız fəsli,

atalar qışın oğlan çağıdır..