SÜLEYMAN ABDULLA - BİR ÖMÜRLÜK ŞEİR

Ədəbiyyat 10:11 / 29.07.2026 Baxış sayı: 604

 

Ayrılıq dediyin ölüm ha deyil,

Boş yerə özünü üzmə sən qəti.

Dağılan deyildir dünya, yaxşı bil,

Yer yerdən oynamaz, göy göydən qəti.

Adam çapdığıdır bəxtin kor atı,

Nəyisə tərs yazıb qurban olduğum.

Ovucla ölçülür insan həyatı,

Ümmanda su zənn et, biyabanda qum.

Allahla əlləşər girib min dona,

Kimə ki Tanrısı, taleyi yardır.

Hər kəsin axırı varmaz xoş sona,

Bunun tapıntısı, itkisi vardır.

İstiyə-soyuğa düşür can artıq,

Yanğısı yanğındır, ayazı belə.

Sevgi də olmasın ifratdan artıq,

Dərini elədir, dayazı belə.

Dünya çox gözəldir, çalış dolan-gəz,

Düşmənə dərd olar dostun çoxluğu.

Heç kimin halını dəyişə bilməz,

Dünən var olanın bu gün yoxluğu.

İnsan əzab çəkir bəxt olanda kür,

Həyat xoş olmalı bəlkə...

ya deyil.

Hər kəsin bəxtinə biri düşübdür,

Ayrılıq dediyin ölüm ha deyil.

29.07.2026