Firidun Agazadə - Alo, şarjım bitir...

Ədəbiyyat 11:00 / 29.07.2026 Baxış sayı: 648

Alo, şarjım bitir...

Biliyorum, sana giden yollar kapalı...

Cemal Süreya

Alo! Üzü Dönmüş!

Həsrətimin şarjı bitir,

Bir xatirə ilə

məni şarj elə,

Məsələn, belə:

De ki, “Mən trolleybusları çox sevirdim,

Ötən günlərimizin

trolleybus kimi

buynuzları çıxıb elektrik xəttindən,

qalıb Şeyx Şamil küçəsində... yoxuşda...”.

Ay nə xoşdu!

Ya da Mesencerə bir söz yaz,

Şarj yığım sözündən.

Öpüm gözündən!

Eyham ilə yaz,

Mən başa düşərəm...

Neçə illərdi

qeyri-sabit hava şəraitində yaşayıram.

Səni mən

iqlim fəsadı kimi ömrümdə daşıyıram.

Ya da şəbəkə hesabında o köhnə şəklini qoy,

ən dərdli şəklini –

Orda ki, payız küləyi sitəmlə dağıdır telini,

Orda ki, xəstə atanın çiyninə qoymusan əlini...

Qoş məni dərd-sərinə.

Ya da köhnə bir kadr kimi

televizorda görün,

Rişxəndlə baxaraq

Hətərən-pətərən danışan ərinə...

Bilirsən ki, məni şarj etməyə

Bircə söz yetir.

Alo! Üzü Dönmüş!

Məni şarj elə,

Axır zamanlar tez-tez şarjım bitir...

Stokholm, iyul