Sədaqət Kərimova -  SEVMİRƏM QƏLİBLƏRİ...

Ədəbiyyat 10:30 / 29.07.2026 Baxış sayı: 651

 

Eyni ölçü, eyni rəng...

Eyni ruh, eyni ahəng...

Hər qəlibdə bir darlıq,

Orda can verən varlıq.

Dar sərhədlər içində,

Bir boyda, bir biçimdə

Dəzgahdan çıxır qəlib,

Qəliblər dövrü gəlib.

İnsanlar kiçildıkcə,

Qəliblər böyüməkdə.

Neçə mənalar yatır

Bu səydə, bu əməkdə.

Zaman daşı – o məhək,

Cılızlaşıb o nəhəng.

Hörüb yalandan çələng,

Atır göyə çərpələng.

Fərqlilik – burda günah,

Sünilik – baha matah.

Düşüncə eyni gərək,

Eyni cür hiylə, kələk.

Eyni ətirli güllər,

Eyni cür əsən külək.

Qəlibə sığışmayan

Başlar, ayaqlar gedir,

Neçə-neçə dirəklər,

Neçə dayaqlar gedir.

Qəliblərdən boylanan

Məngənə sıxıntısı,

Yolun dar çıxıntısı,

Çayın lal axıntısı,

İtaət yağıntısı...

Mənə yad gəlir yaman,

Nə oldu sənə, zaman?

Saxta səslər çıxarır

Ömür adlanan kaman.

Hər qəlib – ölən həvəs,

Ruhu daraldan qəfəs.

Hər ölçü dəmir zəncir,

Hər səda batan zəngdir.

Hər qəlib son məkandır –

Diri ruhlar uyuyan.

Hər qəlib bir ocaqdır –

Yavaş-yavaş soyuyan.

Sevmirəm qəlibləri –

Məzarı qaliblərin.