Musa Nəbioğlu , Əməkdar mədəniyyət işçisi : - KAMİL İNSAN ÖRNƏYİ

MƏDƏNİYYƏT 14:20 / 25.05.2023 Baxış sayı: 8411

 

Bəli, o, bir örnəkdir – yurda bağlılığın, vətənsevərliyin, dostuluğun, ziyalılığın, el adamı olmağın, bir sözlə, kamil insan olmağın örnəyi! Sözü ilə əməli bir olmağın örnəyidir, Qarapapaq Borçalı KİŞİsidir! Həm də cəmiyyətə ləyaqətli övladlar bəxş etmiş ata kimi örnəkdir. Vətənin və yurdun, ana Vətəndən aralıda dilimizin keşikçisi olub, SÖZümüzün qeyrətini çəkib, onu urvatdan düşməyə qoymayıb.

Mən onu əvvəlcə imzasından tanımış, şeirlərini sevə-sevə oxumuşam. Hər dəfə Mədəd Coşqun adı çəkiləndə, yaxud imzasını görəndə xəyal məni təxminən əlli il öncəyə – yeniyetməlik və ilk gənclik illərimə aparır. Onda orta məktəbdə oxuyurdum. Hərdən ədəbiyyat dərsində müəllimlərimiz “Ən çox sevdiyiniz şair kimdir?” – deyə, sorğu aparanda ilk olaraq adını dilimizə gətirdiklərimizdən biri mütləq bu gün çoxlarının özünə ustad saydığı, həqiqətən də ustad şair olan Mədəd Coşqun olardı. O zaman Gürcüstanda dilimizdə nəşr olunan bir neçə rəsmi qəzet var idi və biz bu mətbuat orqanlarındakı ədəbiyyat səhifələrini səbirsizliklə gözləyərdik. Sonradan tale elə gətirdi ki, bu böyük ürəkli qələm sahibi ilə yaxından tanış oldum, yaradıcılığını daha yaxından izləmək imkanım yarandı. Əgər əvvəllər həyata baxışımızın formalaşmasında əsasən şeirləri rol oynayırdısa, bu tanışlıq və yaxınlıqdan sonra bir ziyalı kimi şəxsi nümunəsindən çox şey öyrəndim.

Mədəd Coşqun 85 illik ömrünün az qala 70 ilini Gürcüstanda yaşayan soydaşlarımıza xidmətə həsr edib, və özü də təkcə bədii yaradıcılıqla məşğul olmaqla kifayətlənməyib. Daim xalqın içində, hadisələrin mərkəzində olub, həm də daşıdığı vəzifədən irəli gələn ictimai fəallığı ilə diqqəti cəlb edib.  Onun həyat və fəaliyyətini bir qəzet məqaləsinin verdiyi imkanlar daxilində tam dolğunluğu ilə işıqlandırmaq çətindir. Çünki onun fəaliyyəti çoxşaxəli olub və bunların hər biri haqqında saatlarla danışmaq, irihəcmli yazılar yazmaq olar. Borçalılar və eləcə də Azərbaycanda yaşasa da, buradakı soydaşlarımızla müntəzəm əlaqəsi olan yaşlı və orta nəslin nümayəndələri onu təkcə istedadlı şair kimi yox, həm də ötən əsrin ortalarından (təxminən 60-cı illlərdən sonra) Gürcüstanda Azərbaycan dilli mətbuatın inkişafında müstəsna xidmətləri olan cəsur bir jurnalist kimi tanıyırlar. 25 ilə yaxın Dmanisi (Başkeçid) rayonunda çıxan “Trialeti” qəzetində çalışıb, redaksiyanın Azərbycan bölməsinə rəhbərlik edib. Mətbuatın sərt qayda-qanunlarının hökm sürdüyü Sovet dövründə partiyanın mərkəzi və yerli təşkilatlarının orqanı kimi işıq üzü görən qəzetlərdə adət-ənənlərimizin, folklorumuzun təbliği, folklor örnəklərinin toplanması və qəzet səhifələrində buna geniş yer ayrılması həqiqətən böyük fədakarlıq tələb edirdi və bəzən bu kimi işlərin hansı çətinliklərlə, nələrin bahasına başa gəldiyini o dövrdə mətbuatla az-çox əlaqəsi olanlar yaxşı xatırlayır.

Onun  Borçalıda jurnalist kadrların yetişməsində böyük rolu olub. Və onu özünə ustad sayanlar təkcə bu gün jurnalist fəaliyyəti ilə məşğul olanlar deyil, Borçalının, xüsusən də Başkeçidin yetirməsi olan neçə-neçə şair də onu özünün ustadı hesab edir. Bu “Ustad” xitabı onun halal haqqıdır! Çünki o, çoxlarının ilk qələm təcrübəsi olan şeirlərini rəhbərlik etdiyi qəzetdə çap edib, yaradıcılıq yolunda xeyir-dua verməklə yanaşı, həm də XX əsrin 70-80-ci illərində Tiflisdə fəaliyyət göstərmiş “Dan ulduzu” və “Çeşmə” ədəbi dərnəklərinin yaradıcılarından və bu yolda hər cür çətinliklərə mətanətlə sinə gərənlərdən olub.

Bu gün böyük fəxarətlə deyə bilərik ki, XX əsrin 60-cı illərindən sonra Gürcüstanda Azərbaycan ədəbiyyatının təşəkkülündə Mədəd Coşqunun müstəsna xidmətləri var. Əgər ədəbiyyatımızın Borçalı qolu Azərbaycanın ədəbiyyatşünas alimləri tərəfindən ayrıca sistemli olaraq elmi araşdırmaya cəlb olunsa, o zaman bir şair, ədəbiyyat adamı, XX əsrin ortalarından bu yana borçalıların həyatında baş vermiş mühüm hadisələrin təkcə şahidi yox, həm də iştirakçısı olmaqla Borçalı tarixinin salnaməçisi, Borçalıdakı ədəbiyyatımızın canlı ensiklopediyası olan Mədəd Coşqun böyüklüyü, Mədəd Coşqun ucalığı daha aydın görünər.

Borçalıda hər adama ağsaqqal deməzlər. Mədəd Coşqun isə, hər cür rəsmi və qeyri-rəsmi titullardan üstün olan bu adı hələ cavanlıqdan qazanan el adamı, ağsaqqal və ictimai xadimdir.   Və hərdən mənə elə gəlir ki, bu gün 85 yaşını qeyd etdiyimiz Mədəd Coşqun elə 50 il bundan öncə də bu yaşda idi – dəyərli məsləhətləri, özündən cavanlara xeyir-duası, xeyirdə-şərdə daim xalqın arasında olması, haqqı-nahaqqa qurban verməməsi, bir sözlə, əsl el adamı olması ilə. Və bu gün isə mənə elə gəlir ki, Mədəd Coşqun 30-35 yaşlarında bir gəncdir – tükənməz həyat eşqi və gəncliyə xas yaradıcılıq enerjisi ilə!

Zaman-zaman çox şey öyrənmişik bu örnək KİŞİdən! Bu gün də öyrənməkdəyik. Bundan sonra da ustad kimi bizlərə örnək olmaqda davam etməsi üçün ona uca Yaradandan sağlam və uzun ömür arzulayıram!

 

 

25.05.2023