Məmməd Qədir - Keçib gəldim

Ədəbiyyat 12:22 / 27.07.2026 Baxış sayı: 159

 

Çatmaqçın bir toya, yüz

Hüzndən keçib gəldim.

Hər dərdim bir ağır gürz,

Yüzündən keçib gəldim.

 

Çatdım, şənlik deyildi,

Quzu əmlik deyildi,

Kefi mənlik deyildi,

Üzümdən keçib gəldim.

 

Soruşmadım, mən niyə?

Dərdinə durdum yiyə,

Əyri düzəlsin deyə,

Düzümdən keçib gəldim.

 

Bu mələkdir?- sən canın,

Xeyrində yox insanın,

Mən haqqıma şeytanın

İzindən keçib gəldim.

 

İz apardı daşıma,

Alıb vurdum başıma,

Hər zirvənin başına

Dizimdən keçib gəldim.

 

Demə qəmmis məramı,

Sökdü qaysaq yaramı,

Halal üçün Harami

Düzündən keçib gəldim.

 

Canım bezdi cəbrdən,

Dəvət aldım qəbirdən,

Hər şükürə səbrdən,

Dözümdən keçib gəldim

 

Öyrəşdim iz olmağa,

Çox gəzdim düz olmağa

Ay ellər, Siz olmağa,

Özümdən keçib gəldim.

 

Məmməd sözdən çəkilən,

Bax, bu gözəl şəkilə,

Bələyimdən tikilən,

Bezimdən keçib gəldim.