Lilpar Cəmşidqızı - SONRA (Qəzəl)

Ədəbiyyat 13:33 / 27.07.2026 Baxış sayı: 206

 

Yanıram hər gecə pərvanə olandan sonra,

İçirəm qanımı peymanə olandan sonra.

 

Alıram dəhrdə nur arizi- cananımdan,

Bilirəm sirrini Mövlanə olandan sonra.

 

Yenə, ey fani həyat, ağlımı aldın sərdən,

Gəzirəm ruhumu divanə olandan sonra.

 

Telimin üstünə mehtək toxunub möhnət, qəm,

Azalıb mehrilərim şanə olandan sonra.

 

O qələmqaşə, könül, söylə nədən gəlmir heç?

Unudub mülkünü, viranə olandan sonra.

 

Gələ, bihuş olaram, Sahibimin ətrindən,

Bəzərəm ömrümü şahanə olandan sonra.

 

Salıb öz rahını Məcnun nə qədər səhradən,

Qayıdıb Leyliyə əfsanə olandan sonra.

 

Yox olur qəlb ilə, simadə təbəssüm hərdən,

Yorur aşiqləri qəmxanə olandan sonra.

 

Niyə, ey dil, yenə Lilparı vəfasız sandın?

Qəmə yar olmadı biganə olandan sonra.