Həsən   Kür : - CƏBHƏDƏN MƏKTUB

Ədəbiyyat 08:01 / 08.07.2025 Baxış sayı: 2020

Həsən Kür vəfat etdi... Allah rəhmət eləsin...

 

Sən mənə şərfini göndərmə daha,

Səngər beşik kimi istidir, qızım.

Vətən sənin kimi suyuşirindi,

Hamını özünə istədir, qızım.

 

Görsən darıxırsan, şəkillərə bax,

Körpə əllərini boynuma dola.

Boylan pəncərədən getdiyim yola,

Bu məni görməyə bəs edir, qızım.

 

Mən burda yaxşıyam, sən də yaxşı ol,

Bilim ki, sənin də günün şən keçir.

İnan, göndərdiyin bütün dualar

Gəlir başımızın üstündən keçir,

Allah başımızın üstədir, qızım.

 

Allah üstümüzdən çəkməsə əlin,

Birgə yandırarıq zəfər məşəlin.

Hamının qorxduğu zalım əcəlin

Boyu boyumuzdan bəstədir, qızım.

 

Əgər günün biri, geri dönməsəm,

Eşidə bilməsən atanın səsin,

Qorxma, ürəyinə qorxu düşməsin,

Atan ölməyibdi, xəstədi, qızım.

 

Bir 2 nəfər, saqqal, televiziya, xəbər otağı və mətn şəkili ola bilər

Leyla Turan və başqaları