Müşfiqə Baləddin : - Bu sonuncu məktubum...

Ədəbiyyat 09:43 / 01.08.2025 Baxış sayı: 2234

 

Durub getməyim gələn,

Bir yerim də qalmayıb.

Yuvam ovuclarımda,

Bir gorum da qalmayıb.

Çəkilib gözüm yoldan,

Uzaqlardan küsmüşəm.

Yollar gözümdən uzaq

İzlərimi kəsmişəm.

Səsini eşitməyə,

Qulaqlarım kardı, kar...

Bu günlərim hesabsız,

Sabahlarım günahkar.

Səndən sonra çatmıram

Nə gecikmiş qatara,

Nə dayanmış qatara,

Səndən sonra tələsmir,

Ayaqlarım heç hara.

Səndən sonra ruh kimi,

Cismimdən xəbərim yox.

Nə göydəyəm, nə yerdə,

Ölməyə təhərim yox.

Xəbərin olmayacaq,

Beləcə bitəcəyəm.

Sən yaşayan dünyadan,

Yox olub itəcəyəm.

Allah bilir nə çəkir,

Bəlaya düçar qəlbim.

Bu sonuncu məktubum...

Tezliklə qanad açıb,

Yuvadan köçər qəlbim.