Uğura aparan yolda peşəkarlığın sirləri- yazdı Bəhram Bilaloğlu
Həyatda uğur qazanmaq, cəmiyyət içində tanınmaq, öz sahəsində peşəkar olmaq demək olar ki, hər bir insanın istək və arzusudur. Lakin bu arzuya çatmaq hər kəsə nəsib olmur. Çünki uğur təsadüflərdən doğmur — onu yaradan məsuliyyət, həvəs, əzmkarlıq,iradə bəzən də,müvəqqəti çətinliklərə sinə gərmək bacarığıdır.
İşinin peşəkarı olmaq üçün ilk növbədə məsuliyyətli olmaq vacib şərtdir.Daim insan bunu özündə saxlamalı və qorumağı bacarmalıdır.
Məsuliyyət — insanın öz işinə, ətrafına və nəticəyə olan münasibətinin göstəricisi kimi insanın şəxsiyyətini qarşı tərəfə təqdim edir. Bir çoxumuz yaxşı bilirik ki,məsuliyyətli insan hər sahədə işinin hər detalına diqqət yetirir və ən əsası gördüyü işi yarımçıq qoymağı sevməz.Bu səbəbdən də O, işinə vicdanla yanaşar və bu yanaşma ilə həm özünü, həm də ətrafını inkişaf etdirər.
Peşəkarlığın ikinci əsas dayağı həvəslə işləməkdir. Həvəs — daxili bir çağırış, bir ruh enerjisidir. O olmayan yerdə iş ruhsuz və cansız görünər. Həvəs insanı daima yeniliklər axtarmağa, daha yaxşısını etməyə və hər uğursuzluqda belə davam etməyə sövq edir. Həvəsli insan hər səhvini dərs kimi qəbul edər, hər çətinliyi bir pillə kimi dəyərləndirər.
Lakin bir çox hallarda bu yolda maddi çətinliklər maneə kimi görünür, bütün bunlara baxmayaraq,insan bəzən elə düşünür ki, işinin nəticəsi dərhal maddi qazanc gətirməlidir. Əgər, gözlənilən gəlir tez baş vermirsə, ruhdan düşür, başladığı işi yarımçıq buraxır. Halbuki, gerçək uğur, qalıcı qazanc məhz o anda baş qaldırır ki, insan maddi marağı ikinci plana çəkib özünü təkmilləşdirməyə yönəldir. O mərhələdə qazandığı təcrübə və nüfuz, gələcəkdə daha böyük imkanların qapısını açır.
Unutmaq olmaz ki,uğur birdən-birə bizə gəlmir. O, zaman istəyir. Səbir, əzm və özünə inam olmadan yolun yarısında dayanmaq çox asandır,yetər ki,sona qədər irəliləyək.Əgər bu xüsusiyyətlər insanın içində yetərincə möhkəmlənməyibsə, o, hansı sahədə çalışırsa-çalışsın, müvəffəq ola bilməz. Hər uğur hekayəsinin arxasında illərlə görülmüş gizli, bəzən görünməyən, amma dəyərli zəhmət yatır.
Buna görə də əgər bir işdə gerçəkdən peşəkar olmaq istəyiriksə, o zaman ilk növbədə məsuliyyətli və həvəsli olmalı,həmin sahə üzrə bilik və bacarıqlarımızı inkişaf etdirməli, qazancın azlığını müvəqqəti görməli və bütün gücümüzlə çalışmalıyıq. Yalnız bu prinsiplərə sadiq qalaraq uğurun qapılarını açmaq mümkündür və bizə nəsib olacaq.
Çünki uğur, sonda daima çalışana, sınmayana və inamını itirməyənə gəlir.
Bütün uğur və nəaliyyətlər sizinlə olsun!