Əşrəf Veysəlli - BU DAĞLARIN
Səmasında bulud kimi
dola
adam bu dağların.
Nəğməsini öz qəlbiylə
çala
adam bu dağların.
Yolu düşə, gül çağında,
isinə gül ocağında.
Sığınıb bir bucağında
qala
adam bu dağların.
Gözəllikdən göz isinə,
Dodaqlarda söz isinə.
dərman bilib, qadasını
ala
adam bu dağların.
Dağlar— gözəlliyin tacı,
şəlalələr— gümüş saçı…
Heç olmasa bir ağacı
ola
adam bu dağların.
Yorulmasa yoxuşunda,
islanmasa yağışında
çiçək kimi ağuşunda
sola
adam bu dağların.