Əlizadə Nuri : -Çilçıraq içində ayrı işıq biz...

Ədəbiyyat 19:31 / 06.02.2025 Baxış sayı: 1341

 

 

Hər soyuq ayrılıq- bir isti yara...

Günün altında da bu günlər qara.

Məni payız çəkdi ayrılıqlara-

Görən o payızın yanındayam mən?

 

Məndən zəmi istə, dən-dən istəmə,

Milyonun borcunu mindən istəmə.

Sən mənim ömrümü məndən istəmə-

Bir dəli sevdanın adındayam mən.

 

Çilçıraq içində ayrı işıq biz...

Bəxtimiz yatanda ayılmışıq biz.

...Bir ağac altında ayrılmışıq biz-

Hələ də o ağac altındayam mən...