Ayaz Arabaçı : -  Gəlmisən...

Ədəbiyyat 15:24 / 22.07.2024 Baxış sayı: 2919

 

Qızınıram üşüdükcə istinə.

Sarılıram axşam-sabah büstünə,

Nə bir adın toz götürüb üstünə,

Nə bir sözdən-gapdan çıxıb gəlmisən..

 

Nə qaldı ki,bulud ömrə-su ömrə,

Son uçuşsan, son nəğməsən qu ömrə..

Mən az qala unutduğum bu ömrə,

Ürək adlı qabdan çıxıb gəlmisən..

 

Özün ovla,özün istə,özün seç,

Gözüm üstə yerin vardır, buyur keç,

Bundan gözəl hədiyyəmi olar heç,

Gözləmirdim, lapdan çıxıb gəlmisən..

 

Bir dumanda azan başın nə səri..

Birə mindi sözlərimin kəsəri,

Kim yaradıb bu mükəmməl əsəri..

Hansı iynə, sapdan çıxıb gəlmisən..

 

Əlli yaşdan on səkkizə xitabsan,

Əldən yerə qoyulmayan kitabsan,

Oxuduqca doyulmayan kitabsan..

Lap indicə çapdan çıxıb gəlmisən..