Ayaz Arabaçı : - Alırlar

Ədəbiyyat 10:20 / 03.10.2023 Baxış sayı: 1563

Sənin kimi can almağa nə var ki,

Canı bizdə "pişəpiş"nən alırlar.

Yavaş-yavaş oğurlayıb ağlını,

Bir sığalnan, bir öpüşnən alırlar.

 

Aramızdan Kür də axıb, Araz da,

Görəndə ki, hələ can var Ayazda,

Bir az göznən,bir az qaşnan,bir az da,

Dəli-dolu başqa işnən alırlar.

 

Həyat yaşıl,hava mavi, ab-abı..

Min qat çoxdu günahımın savabı,

Ömrü boyu gözəllərdən cavabı,

Diş-dırnaqnan, dırnaq-dişnən alırlar.

 

Duyğuların toz tutubdu,silgilən,

Boş buraxma ürəyinlə ilgilən,

Xanım axı salamı da, biz bilən,

Ehtiramnan,nəvazişnən alırlar.

 

Dəyişməyib könül qırmaq şakərin,

Çox şirinsən çox deyilmi şəkərin..

Havalanıb şahə qalxan təkərin,

Havasını bir gedişnən alırlar.