Adilə Nəzər- MƏNIM ÜRƏYİMƏ YATMIR BU DÜNYA

Ədəbiyyat 21:50 / 28.07.2026 Baxış sayı: 259

 

Mənim ürəyimə yatmır bu dünya,

Gəl, bir əl yetir ki, könlümə sindir.

İlahi, içimə durmadan yağan

Bu yad yağışları bir azca dindir.

 

Qondur üzümə bir tifil təbəssüm,

Bu iççəkmələrim yorur ruhumu.

Eyləsin Özümdən keçən təcəssüm -

Təkcə o sevgidir qovur yuxumu.

 

Zaman xəyalları gözümdən asıb,

Göz aça bilmirəm, bir səslə məni.

Yaman dağılmışam, toz-torpaq basıb,

Tut qaldır, silkələ, dəstələ məni.

Yoluma daş düzüb etdilər ləlik,

Hamı dərd gətirdi, dedi, -qəm yemə.

Gördüm sıfırların ortası dəlik,

Birin ətəyindən yapışdım yenə.

Əlini uzat ki, əlimi tutsun,

Fırlanan dünyada hamı seyrdə.

De ki qələmimə, dərdi unutsun,

Qalacaq hər parçam ayrı şeirdə.