Xatirə Rəhimbəyli - KÖHNƏ MƏKTUB

Ədəbiyyat 08:41 / 22.09.2025 Baxış sayı: 1563

 

Başladım ALLAHın əziz adıyla,

Əziz və hörmətli flankəs,salam.

Daha əziz idi ALLAHın adı,

Onda ki,az idi bu məscid-flan.

Ürəkdən yanırdı dostuna dostu,

Ürəkdən soruram kef-əhvalını.

 

Bir az qarışıqdı,

zəhmətlər çəkib

Sən də sual etsən mənim halımı.

Niyə baxışların soyuyub belə,

Söylə,soyuqdumu orda havalar?

 

Kimdəsə təzə bir şəklini gördüm ,

Hansı qışdan qalıb saçındakı qar?

Hansı yay daha çox təntidib belə,

Yenidən göyərdib hansı yaz səni?

Sağ olsun,ürəyin hey gedib-gəlir,

Bilirəm,heç bir eşq ovutmaz səni....

Mənim əhvalım da açıq-aşikar,

Əyridə qeybətdi,doğruda heyrət.

Haqqın dərgahından haliyəm,haqqı ,

Yaradan nahaqqa verməz ki,əlbət.

Üzü qocalığa gedirik ,indi

Yumşalan vaxtıdır ta iradənin.

Mən səni heç zaman unutmadım ki,

Saxlancında nə var ,söylə bəs sənin?

Kimdi o duyğunun gülüstanında

Belə incə-incə çiçək toplayan?

Səni şirin-şirin yeyən dərd nədir,

Kimdi bu acına əlac tapmayan?

Bu duyğu ömrümü su kimi içdi,

Neynək,ömrün olsun su qədər, sağ ol.

Sözüm çox olsa da,deyəcəklərim,

Hələ bu qədərdir...Bu qədər,sağ ol.