Xanım İsmayılqızı - Küləyə yazığım gəlir...

Ədəbiyyat 18:02 / 11.09.2025 Baxış sayı: 2171

Küləyə yazığım gəlir...

Titrəyir, çırpınır, əsir...

Nə evi var, nə ocağı...

Nə də bir isti qucağı...

 

Küçələrin övladıdı...

Qaynayır, qaçır, dilənir...

Döngələrdən göyə qalxır...

Dalanlarda itilənir...

 

Qapılar üzünə bağlı...

Döyəcləyir, açanı yox...

Yer üzündən çıxmaq üçün

cibində də açarı yox...

 

Küləyə yazığım gəlir...

Nə bacası, nə damı var...

Nə də ki, dilini bilən

sevimli bir adamı var...

2022.