VAQİF OSMANLI : - QABİLİN LİRİK DƏRDLƏRİ
(Qabil Nəbinin yaradıcılığına baxış)
O, həssasdır, sarı sim kimi, ağacdakı payız yarpağı kimi. Həzin bir meh onu ehtizaza gətirər. “Öz aləmi – söz aləmi” var. “Yad qapısı dardı” ona. Yad qapısına getməz nə özü, nə də sözü. Ona görə də şeirlərində yad nəfəs yoxdu, özüdü, səmimidi. Nöqtəsi, nidası, vergülü də doğmadı - ürəyi, təbi, təxəyyülü, misraları kimi.
Misraları ağır yüklüdü - ilahi dərd kimi. O, dərdini də sevməyə qabildi, doğmadı axı. Bizi də dərdləri ilə doğmalaşdırır, duyğulandırır, düşündürür, saflaşdırır.
Nöqtəyə, vergülə nə var ki, şair,
Bir xitab, bir cümlə deyərsən bitər.
“Nida”lar görürəm elə yandırır,
Cavabı olmayan “sual”dan betər...
Hər ovqata - sevincə, dərdə, vüsala, həsrətə, inama, gümana köklənən könül nəğmələrinin həzin, kövrək, pıçıltılı zümzüməsi oxucusunu ovsunlayır, sehirli aləmə səsləyir. Bu misralar üstünə şeh duşən yarpaq, çiçəyin ləçəyi kimi məsumdur, əsl söz, fikir təşnəlilərə mənəvi qidadır. Qabil sözə könül verib onunla qol-boyun olanda, sözə hamilə olanda qəlbinin duyğusallığından hətta əli, qolu üşüyür, onda sənsizliyi qınayır: “bir-birinə keçən qollar yanımızda donub indi”:
Gözüm baxır, görmür yeri,
Çatışmayır bir “Sən” məndə.
Qolumun sən tutan yeri,
Üşüyür mən yol gedəndə...
Yaradıcı insanın uğurlarının təməlində söz dayanır. Dili, fəhmi, fantaziyası zəngin olmayan söz adamı sözün dəyərini bilənləri inandıra bilməz. Poeziyanın dili zəngin, həm də sadə olmalıdır. Səmimi söz unudulmur, müəllifini də yaşadır. Qabilin duyğu yarpaqları sadə dildə yazıldığına, əndrəbadi misralardan uzaq olduğuna görə yaddaqalandır. Bəzən eyni sözün çox təkrarlanması şeiri yeknəsək edir, məna itir. Ancaq klassik poeziyamızdan üzü bəri şeirdə, hətta misralarda eyni sözün dəfələrlə təkrarlanması şeirə əlavə poetik güc verir, təkrir sözün dəyərini artırır. Bunu Qabil də bilir:
Gözlərin gözümə göz dağı çəkdi,
Gözlərim gözündə gözümü əkdi.
Gözlərin gözümə göz etdi bir an,
Gözlərim gözünün gözünə qurban.
Qabilin “Siyahıda 6-cı söz” kitabına çağdaş Azərbaycan poeziyasının azman ustadı Musa Yaqub ön söz yazıb. Bəli, Musa Yaqub! Həssas oxucular da, mən də dəqiq bilirik ki, şeirimizin haqq-ədalət meyarlarından biri Musa Yaqub heç kimin zəif şeirlərinə “yaxşıdı” deməzdi. Nə olsun ki, Qabil ustad şairin xalasının nəvəsidi, rəhmətlik atası Yusiflə Musa müəllim dost olub, nəsillərinin kökü eyni kənddəndi – Babadağın ətəyində yerləşən keçmiş Zanqıdan.
Musa müəllim Qabilin şeirlərinin çatışmazlıqlarına – “dağlardan-bağlardan” qafiyələrinə, bəzən fikrinin “niyə?”sini bildirməməsinə irad tumaqla yanaşı, vurğulayır ki, “şeirlərində təzəliyə can atır, müxtəlif mövzularda yazır, müqayisələr aparır”. Bu ustadın əslində Qabilə böyük dəyəridi. Qeyd edir ki, “məsələn, onun bir şeiri var, “Buxar çıxır yanğılarımdan”. Yaxşı bildirib hisslərini. Tövsiyə etmişəm ki, axırında niyəsini bildirsin ki, kimdən ötrüdür bu yanğı”.
Qabilin “Ayrılıq şeirləri” bölümü lap məktəbli vaxtlarımızda qorxa-qorxa, utana-utana, pörtə-pörtə yazdığımız sevgi məktubları kimi başlayır:
Əvvəla salam...
Sonra isə...
Hal-əhval tutmayacağam
Sadəcə,
elə bilmə ki, gedişin məni çökdürəcək...
Yox!..
Mənə öyrətdiyin əzmkarlıqla
Davam edəcəyəm həyatıma.
Özüm üçün olmasa da,
Qoyub getdiyin övladların üçün...
Bu şeir doğrudan da bir şagird hürkəkliyi ilə başlasa da, lirik qəhrəman özünə gəlir, qürur hissi onu əyilməyə qoymur, həsrət onu böyüdür, artıq nə “o”nu düşünür, nə də özünü, qayğılı ata övladları üçün yaşayır, ona “əzmkarlıq” öyrədənin də qayıdacağına ümidlidir. Bu, mənə on kiçik misranın göndərdiyi informasiyadır...
“Ayrılıq şeirləri”ni oxuduqca bir el gözəlinin evlərinin yanındakı duracaqdakı səkidə dayanan boynubükük sevgimiz gəlir gözlərimizin önünə. Bax, buna görə deyirəm, Qabil sadə sözlərlə poeziya yarada bilir. Uğurlu şeir bizi müxtəlif ovqata kökləməyə qadirdir. Söz ürəyə yol tapırsa, o ürəkdən əl çəkən deyil, niyə də əl çəksin, isti yuvanı qoyub ürəyi, beyni sazaqlılara, onu anlamayanlara pənah aparsın? Getməz! Həqiqi söz çox sədaqətli gözəldir! Qabil də sözlə rəsm çəkir:
Bəlkə çəkim mən rəsmini?
Bir misrada gözlərini,
Başqasında sözlərini
Vəsf eləyim.
Şeirimdə çəkə-çəkə
Bəlkə,
Səni mən yenidən kəşf eləyim?
Tellərini gül üzündən,
Götürüm mən son misrada.
Təbəssümün olmayanda
Ağlayacaq fon misrada.
Uşaq vaxtımızda yağışa əllərimizi açıb sevinmişik, nur damcıların gözümüzü, yanağımızı öpməsindən xoşhallanmışıq. Böyüyəndə isə yağışın altından qaçmışıq. Qabilin duyğuları o məsum uşaqlıq kimi safdı. İndi də yağışın altında dayanıb əllərini Tanrıya açıb. Körpəlikdə yağışı qucan Qabil sevincindən qanad açıb buludlara uçardu. İndi isə...
Sərinləyirəm,
Su sıçradıqca göydən üstümə.
Altında dayanıb
Qaldırıram göyə əllərimi...
Buxar çıxır yanğılarımdan.
Dərd, ayrılıq, həsrət, nisgil Qabil yaradıcılığının Vətən, ana torpaq, sevgi, təbiət gözəllikləri ilə yanaşı, ana xəttlərindəndir. Bu şeirlərdə üzüntü də var, ümiddə, küsmək də var, barışmaq da, “küləyin o qızın tellərini saçaqlamaq istəyi”nə qarşı qısqanclıq da var, o gözələ inam da, onun “nə vaxt gələcəyini bilməsə də yollarına sərilmək” də keçir könlündən, vüqarlı aşiq kimi üz çevirib getmək də. Ancaq bu “həyat oyunu”nda qaydaları sevgi diktə edir. Onda aşiqin bircə təmənnası qalır: “barı, təsəlli ver”:
Bilmirəm nə deyim, gəlsin xoşuna,
Mən həmin adamam, sadə, beləcə.
Barı təsəlli ver boşu-boşuna,
Barı yalan söylə, de ki, gələcəm.
Bütün vətənsevərlər kimi Qabilin ən böyük dərdi Vətən dərdidir. Böyük Qafqazda doğulsa da, belə kiçik əraziyə sığışmaz şair xəyalı, yurd Vətən duyğuları. Qabil bütöv Azərbayacan, Türk elləri, möhtəşəm Turan həsrətlidir. Zəfər bayramına qədər tez-tez uçağan xəyalları ilə yuxuda Şuşaya gədərdi, Xan qızını, Xan bağını, Cıdır düzünü, İsa bulağını ziyarət edərdi.
...Qarabağ atını görmək üçünsə
Mərdəkana getməliydim.
Özüm getmədim...
Çünki...
Atların rişxəndli baxışlarından qorxdum...
Nəhayət təkcə Qabilin yox, Bütün Azərbaycan xalqının arzuları, xəyalları, istəkləri, yuxuları çin oldu. Vətən igidləri qanı, canıyla, “dəmir yumruq”la hər qarış torpağımızı azğın, xain, bədnam düşməndən azad etdilər, üçrəngli bayrağımızı Qarabağ və onun ətrafındakı ulu Türk yurdlarında dalğalandırdılar. İndi də Xankəndində Zəfər paradı keçirməyə hazırlaşırıq. Qürurverici anları yaşatdı bizə Azərbaycan xalqının birliyi.
Qabil bəzən “Ayağı baş dünya”dan bezib uşaq olmaq istəyir, “dəyişmiş zəmanədə” azadlığın nəinki özündən, havasından, hətta “azadlıq” sözündən qorxanları qəflət yuxusundan oyadır ki, ey dili-qafil, “azad ol!”. Göynən gedənlərə xəbərdarlıq edir ki, həyat amansızdır, ayağını yerə bərk bas, əvvəl-axır bu qaydasız döyüşdə uduzacaqsan, yıxılanda yanın az ağrısın. Bir də yerlibaz, tayfabaz, klanbaz, nəsilbaz feodal təfəkkürlülərə barmaq silkələyir ki, “Haralıyam soruşma”, mən bütöv Vətənin oğluyam. “Hədəf Qarabağa, Şuşaya keçəndən Xocalılıdı, Qalalıdı, İrəvanlıdı, Kərküklüdü, bir sözlə, soyulub, doğranıb dağılsa da, Türk oğlu Türkdü”:
Hər gün eşidilir Təbrizin səsi,
Bağlanıb Dərbəndin dəmir qapısı.
Göyçədə yasaqdır “Göyçə” kəlməsi,
Bolnisi çığırır: - Mən Borçalıyam!
Bütün dərdlərə qalib gələn Qabil bircə ilahi sevgiyə baş əyir. Onu intzarda qoyan, aşiqini gözləyən nigaran gözələ serenadalar - “dəli könlünün” nəğmələrini oxuyur, rica edir ki, “məni ürəyində saxla, gəl məni bağışla”, hələ bir əhd-peyman da də edir ki, “həmişə səni sevəcəyəm indiki kimi”. Romantik Qabil ağ atını minib o yerlərə - “qonşu bağı”na sürür, “yadındamı, qonşu bağı” müraciəti ilə orada yerini isti eləyir, el gözəlinə söz verir ki, “səni gizli sevəcəyəm, demədiyim nəğmə” deyəcəyəm sənə, aradabir də sızıldayıb şikayətlənir ki, “dərdimdən ölənim yoxdu”. Ancaq qüruru onu tənha qoymur, guya özü yox, “dəniz sənin üçün darıxıb”. Hələ bir el gözəlini qınayır ki, “mən şeir yazmayacaqdım”, sən yazdırdın, minnət qoyur: “tək səni düşünürəm”.
Sevən hədd, sərhəd, limit hardan bilsin, ay şair? Lap sənin kimi. Bilsəydi, nə ürəkdən sevərdi, nə da şair olardı. Şairlər hər işi ürəkdən, sevə-sevə görməsə əbədiyaşar olmazlar. Söz xəyanəti bağışlamır. Elə həqiqi sevgi də...
Gün batdı, dənizin havası sərin,
Gəzirəm sahildə izini sənin...
Dənizsə darıxıb səninçün məntək,
Axtarıb tapmaqçün səni orada,
Göndərir sahilə ləpələrini.
Tapmayıb dönürlər ləpələr tək-tək...
Dayanıb baxardıq dənizə birgə,
Indi hardan tapım gözünü sənin?
Artıq itirmişik izini sənin...
Dənizin ləpələri kimi həzin, dənizin suları kimi saf, qayaları kimi vüqarlı poetik misralar!..
Dəfələrlə vurğuladım ki, Qabilin şeirləri mərhəmətli ürəyi kimi həssasdı, narahatdı. “Tənha uçan durna”nın dadına yetmək, onu ayrı düşdüyü qatarına qovuşdurmaq üçün göylərə səfər edən ruhu elə notlarla süslənib ki, bizi də tənha durnanın harayına aparır. Özü də narahatdı ki, bəlkə “yükü ağır olub”, “vaxtı unudub” bəlkə “onları ayıran, milyonları öz torpağından qovan bir atəş səsi” olub. Eh... Bəlkələr, bəlkələr... Bu bəlkələr məni də kövrəltdi... Daha bir ilahi bəlkə: “bu durna həmdəmmiş könül yarıyla”, hansı ürəyidaşın atəşi onları ayrı salıb?. Ona görəmi tənha qalıb? “Bu durna niyə tək uçur görəsən, dözəcəkmi ənginliklərin soyuq küləklərinə, yağmurlarına...
“Tək uçan durna” şeiri qan qoxuyan, ölüm gözlə qaş arasında olan, siyasətbazlarla silahbazların iş biriyində ölkələr qan çanağına dönən, insan başı kəsmək imandan sayılan zəmanənin söz barometridir. Qabilin yaradıcılığında bu şeirin müstəsna yeri olacaq. Yüz illər sonraya qalacaq ədəbi nümunədir.
Bir də şair Tanrının yerdə elçisidir, lənətini də, sevgisini də Tanrı eşidir, qəbul edir...
Qayıtma, buralar qan çanağıdı,
Bu yerdə amanlıq qalmadı, durna!
Uyma nankorların xoş sifətinə,
Bizim də qız-gəlin gülyanaq idi,
Əclaflıq əcdaddan qalmadı, durna.
Uç, tüpür, bunların sədaqətinə.
Bu durna niyə tək uçur görəsən,
Niyə ayrı düşüb öz qatarından?
Yoxsa ayrı düşüb o öz yarından?
Qabilin poetik axtarışları klassik söz sənəti ilə çağdaş ədəbi mühitin vəhdətindən qaynaqlanır, qoşma, ustadnamə, təcnis, mənzum hekayə, “ata nəsihəti” də yazır, sərbəst şeir də. Müxtəlif janrlarda özünü sınamasının səbəbi ana dilimizin zənginliyini bilməsidir, ona görə də poetik cəsarətlidir. Bilrsiniz ki, təcnis yazmaq dilin incəliklərinə bələd olmayanların işi deyil.
Apar dərdimi yu, dara, sər telə,
Qıyğacı baxışın daha sərt elə.
Umunu, küsüni bir az ertələ,
Qalan ömrümüzü vuraq bir başa.
Ustadnamədən:
Yüz can yatır altında hər təpçəyin,
Nahaq yerə öldürmə bir milçəyi.
Məzlumların yox dili, yox dilçəyi,
Zalımlara sinə gərmək çətindir.
Doğrudan da “həyat bir oyundu”, ay Qabil. Məmməd Araz demişkən, “bilmək olmur kim uduzar, kim udar”. Sən də dərdli sinəni ova-ova dərdlərini ovundurursan, heç xətrinə dəymirsən. Necə dəyəsən, özününküdür, doğmandır axı. Xeyirxahlığınla, mərhəmətinlə, humanistliyinlə qidalandırdın onları, daha əl çəkən deyillər. Artıq sevincinlə əkizdirlər. Dərd-sevinc tandemi şeir ümmanının həzin-həzin pıçıldaşan, ilham pərini yanına səsləyən könül çırpıntılarıdır. Söz adamı könlünü duyğulara verəndən onun üçün dərd də ilahiləşir...
Poeziya ilahi işdir...
İlahi işin, yolun həmişə uğurlu olsun...
Noyabr 2023