Valeh Qoca - YERDƏ

Ədəbiyyat 08:59 / 22.09.2025 Baxış sayı: 2205

Burda çəmən azad, çiçək azaddır,

Güllər ömür sürür bildiyi yerdə.

Dağların-daşların gözü yaşarır,

Günəş sevindiyi, güldüyü yerdə.

 

Sonsuzluq kiçilir üçbucaq olur,

Yurdun şirin yeri künc-bucaq olur.

Yollar haçalanır qol-budaq olur,

Qayalar baş-başa gəldiyi yerdə.

 

İzlər işıq saçır, gözə iz düşür,

Dağların döşündən düzə iz düşür.

Körpə ayağından təzə iz düşür,

Mərmilər yolları sildiyi yerdə.

 

Günəşin ürəyi soyuyur qarda,

Sevinir uşaq da, sevinir yar da.

Bilmirəm qəbirlər hardandı, burda,

Adamlar dirilir öldüyü yerdə.