Vahid Aslan : - Xəstəxanada yazılan şeir
Ayrı cür görünür yazın gəlişi,
Quzum, xəstəxana pəncərəsindən;
Yanına sevdiyin qızın gəlişi
Onsuz da bilinir ayaq səsindən;
Dərman qoxusunu qovur otaqdan,
Gözünün kədəri, saçının ətri;
Öldürür bir sual məni bayaqdan:
- Axı neylədim ki, mən səndən ötrü...
Axı nə biləydim, hardan biləydim
Xəstədi gözünü sevən ürəyim!
Səni tapmamışdan gərək öləydim,
A mənim olanım, varım, gərəyim!
... Soyuq xəstəxana divarlarını,
Tale qisməti tək yozmaq olarmı?
Görən, ürəyimin ağrılarını,
Sənin ayağına yazmaq olarmı?..
25.05.2017