Şakir Xanhüseyin - Quş südü;

Ədəbiyyat 12:48 / 08.12.2025 Baxış sayı: 164

Quş südü;

tapılmayan nədi, axı, səninçün?

bir damcı təbəssüm quş südüdü, hə;

bəzən ortalığa quş südü gəlir

bir dodaq qaçırdan gülüşün ilə...

Quş südü;

ya sağdan, ya soldan bir əl uzana,

silə üzündəki qəmi, kədəri;

səni ağırlaya quş südüylə ki,

üzün gülməyibdi illərdən bəri...

Quş südü;

quşun dimdiyində tutduğu dənmi,

heyif, dağımızı duman bürüdü...

yu bir günahını bir dərya suyla,

bir tikə çörək də indi quş südü...

Quş südü;

nəğmənə səsindən sevinc qat söylə,

qoy ümid çiləsin addımın yola...

yerin üstündəcə gedəsən göylə;

həyatda bir az da olmayan ola...

Quş südü;

axtarma sən onu, qəlbin sevinib

üzünə, gözünə işıq yaymırsa;

De zülmət çökəcək, kimsə kimsəyə

bir baxım göz nuru əgər qıymırsa...