Ülkər Nicatlı : - Bir misra çiçək.

Ədəbiyyat 12:20 / 05.08.2025 Baxış sayı: 2267

Evdə əri olan, yükü bölüşən, çörəyi hazır gələn bir qadına “zəhmətkeş ana” deyirlər.

O an içimdə nəsə titrəyir,bir sükut çökür içimə.

Düşünürəm…

Əgər o qadın zəhmətkeşdirsə, bəs mənim anamın adı nədir?

Sən kişi səsi olmayan bir evdə kişi kimi dayandın.

Yorğunluğunu yatağın üstünə yox, bizə təbəssüm kimi sərdin.

Bəzən ac qaldın, biz tox olaq deyə.

Ağlamağı içində boğdun ki, biz səni güclü bilək.

Sənə “zəhmətkeş” deməyə dilim gəlmir, ana.

Bu söz sənin əməyini ifadə eləməyə yetmir.

Sən bir ömrü çiyinlərində daşıyan, özü sarsılsa da bizi ayaqda tutan ,QADINSAN.

Və and olsun,

heç bir tərif səni anlatmağa yetmir,

Çünki sən bu dünyanın sözlə ölçülə bilməyən hissisən.

Canım anam, doğum günün mübarək!

Yeni yaşın sənə sağlamlıq, sevinc və ən gözəl anlar gətirsin.

Sənin kimi güclü, fədakar və sevgiylə dolu bir ana ilə böyümək mənim ən böyük bəxtimdir.

Səni sonsuz sevirəm!

Bir misra çiçək.

O layla qoxulu nəfəsin ki, var,

Mənim nəfəsimə nəfəsdir,ana.

Boyumu oxşayan xoş baxışların,

Bir ovuc arzudu,həvəsdir, ana.

 

Həqiqət ətirli çiçəyi sənsən,

Bu sevgi bağçamın,bu eşq bağımın,

Nəvaziş köynəkli mehriban səsin,

Bələnib dadına uşağlığımın.

 

Yüz ilin min ilin həsrətlisi tək,

O şumşad boynuna dolanır qolum.

Kaş cənnət qoxulu qucağında mən,

Hər səhər dil açım,hər gün doğulum.

 

Bahar təravətlim,payız naxışlım,

Adını qoymuşam gözümün ustə.

Bağrıma basmışam xeyir - duanı,

Heç vaxt duman enməz sözümün üstə.

 

Bu gün ad günündü,mehriban,anam

Öpürəm üzündən səhər mehi tək.

Sənin ad gününə hediyyəm olsun,

Qəlbimdən dərdiyim bir misra çiçək.